ain.az, Gununsesi saytına istinadən bildirir.
Dünya futbolunda böyük klublar özünəməxsus ənənələrlə azarkeşlərini coşdurmağı bacarır. Bu simvollar klubla azarkeş arasında emosional bağ yaradır və unudulmaz futbol atmosferi formalaşdırır.
Gununsesi.info-ya danışan marketinq mütəxəssisi Abbasəli Hüseynov hesab edir ki, “Qarabağ” FK da bu istiqamətdə unikal bir addım ata bilər.
Onun təklifi milli qürurla futbolun birliyini nümayiş etdirən təsirli bir şou ideyasına əsaslanır:
“Benfika hər oyundan öncə simvolu sayılan qartalını uçurur, FCKöln məşhur “Hennes” adlı keçisini gətirir, BorussiaDortmund isə “Yellow Wall” ilə tribunaları alovlandırır.
Liverpool azarkeşləri isə “You’ll Never Walk Alone” himni ilə bütün dünyaya səs salır.
Klub hər ev oyunundan öncə Qarabağ atlarını Tofiq Bəhramov stadionuna gətirərək milli qüruru və futbol ruhunu birləşdirən möhtəşəm bir şou təqdim edə bilər.
“Təsəvvür edin: Stadionun işıqları sönür, minlərlə azarkeş susur. Birdən-birə meydanın qapıları açılır və əzəmətli Qarabağ atları arenaya daxil olur. Muğam və milli musiqi sədaları altında, klub bayrağı ilə jokeylər stadionun mərkəzinə doğru irəliləyir. Tribunalar ayağa qalxır, ‘QARABAĞ!’ sədaları stadionu titrədir.
Bu, sadəcə pre-match şousu deyil – milli ruhun futbolla qovuşduğu andır”.
Mütəxəssis hesab edir ki, bu ideya klub üçün böyük PR və marketinq üstünlükləri yaradacaq:
“Unikal brend imici: Dünyada heç bir klubda belə milli-mədəni təqdimat yoxdur. Viral təsir: Hər oyun öncəsi çəkilən at şousu sosial şəbəkələrdə milyonlarla paylaşılacaq. Sponsor və tərəfdaş cəlbi: Güclü vizual şou yeni əməkdaşlıqlar üçün qapı açacaq.
Azarkeş bağlılığı: “Qarabağ” sevgisi emosional səviyyədə daha da güclənəcək. Milli qürur: Xarici azarkeşlər “Qarabağ”ı eşidəndə yalnız futbolu deyil, Qarabağ atlarının əzəmətini də xatırlayacaq”.
A.Hüseynov onu da bldirib ki, bu addım “Qarabağ”ın yalnız meydanda deyil, həm də simvolik gücdə dünya səviyyəsində qalib gəlməsinə imkan verəcək:
“Qarabağ yalnız futbol deyil… Qarabağ bir millətin nəfəsidir!” – deyə marketinq mütəxəssisi əlavə edib.
Şəbnəm
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.