ABŞ prezidenti Donald Tramp İsrailin humanitar böhrana sürüklədiyi Qəzza zolağına yardım planı üzərində işlərin davam etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, “Axios” xəbər saytına danışan Tramp Qəzzaya “kömək” planı üzərində çalışdıqlarını bildirib.
ABŞ prezidenti Trampın qeyd etdiyi yardım planının ABŞ-İsrailin rəhbərlik etdiyi Qəzzaya Humanitar Yardım Fondu və ya digər yardım təşkilatları, xüsusilə də Birləşmiş Millətlər vasitəsilə həyata keçiriləcəyi hələlik bəlli deyil.
"Biz insanlara kömək etmək istəyirik. İnsanların yaşamasına kömək etmək istəyirik. Biz insanları qidalandırmaq istəyirik. Bu, çoxdan baş verməli idi", - Tramp deyib.
Qəzzada aclıq xəbərlərindən "narahat olduğunu" bildirən Tramp, HƏMAS-ı bölgəyə daxil olan yardımları talamaqda günahlandırıb.
Digər tərəfdən Tramp İsraildə baş nazir Binyamin Netanyahu ilə görüşən və daha sonra Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki “Qəzzaya Humanitar Yardım Fondu”nun paylama məntəqəsini ziyarət edən Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla hələ görüşmədiyini də qeyd edib.
Ağ Ev dünən bildirmişdi ki, Witkoff, Qəzzada qurudakı təmaslarından sonra Trampa hesabat təqdim edəcək və hesabat əsasında yeni qida yardımı paylama planı təsdiqlənəcək.
ABŞ prezidenti Donald Tramp da bu gün Ağ Evdə keçirilən mərasimdə oxşar açıqlamalar verərək, “(Qəzzada) insanlar çox acdır, baş verənlər dəhşətlidir” deyib.
Aytən Yaşar/ Turkustan.az