AZ

Elşad Məmmədov: "Aktiv məşğulluq siyasəti sosial rifah və iqtisadi artımın əsas hərəkətverici qüvvəsidir"

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib ki, son illər ölkəmizdə sosial müdafiə sistemində əldə olunan müsbət nəticələr effektiv idarəetmə siyasətinin tətbiqindən irəli gəlir.

Professorun sözlərinə görə, bu istiqamətdə ən mühüm sahələrdən biri isə məhz məşğulluq siyasətində əldə olunan uğurlardır:

"Üstünlük, daha çox fiziki imkanı olan vətəndaşların əmək bazarına inteqrasiyasına verilib və onların iş imkanlarına cəlb olunması təmin edilib. Bu yanaşma öz müsbət nəticələrini artıq göstərməkdədir. Çünki bir tərəfdən insanlara yalnız müavinət verməklə onları sosial həyatın fəal iştirakçısı olmaqdan uzaqlaşdırmaq riski yaranır. Həm də həmin müavinətlərin inflyasiya və digər iqtisadi amillər nəticəsində dəyərdən düşməsi ehtimalı var. Digər tərəfdən isə, insanları aktiv məşğulluq siyasətinə cəlb etməklə onların əmək bazarında öz zəhməti ilə gəlir əldə etməsi üçün imkan yaradılır."

Elşad Məmmədov vurğulayıb ki, bu həm iqtisadi baxımdan stimuldur, çünki alıcılıq qabiliyyətinin artmasına müsbət təsir göstərir, həm də sosial baxımdan əhəmiyyətlidir. Professorun sözlərinə görə, insanların cəmiyyətə inteqrasiyası, sosiallaşması baxımından da bu yanaşma çox vacibdir:

"Son illərdə məşğulluq sahəsində əldə olunan bu müsbət dəyişikliklər artıq öz bəhrəsini verir. Aktiv məşğulluq siyasəti insanların sosial rifahının gücləndirilməsinə, iqtisadi artıma və inkişafına real təkan olmuşdur. Düşünürəm ki, həyata keçirilən aktiv məşğulluq siyasəti bundan sonra da dayanıqlı və ardıcıl şəkildə davam etdirilməli və onun nəticələri daha geniş miqyasda müşahidə edilməlidir."

 

Pərvanə Fərhadqızı

Seçilən
9
qht.az

1Mənbələr