AZ

“Kredit kartlarında azalma müşahidə olunur, qərarın məntiqi zəifdir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) requlyativ dəyişiklik edərək istehlak kredit kartları üzrə borclanmanı çətinləşdirən yeni qərar qəbul edib. Dəyişikliklərə əsasən, borcalanın kredit kartı üzrə götürə biləcəyi borc onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılıb.

Banker.az xəbər verie ki, bu limit, borcalanın digər kredit təşkilatlarına qarşı öhdəlikləri nəzərə alınaraq hesablanacaq.

AMB bu addımı borclanmanın daha məsuliyyətli və sağlam şəkildə həyata keçirilməsi məqsədilə atdığını bildirib. Qurumun gözləntisinə görə, bu dəyişiklik əhalinin izafi borclanmasının qarşısını almağa yardım edəcək. AMB vurğulayıb ki, son dövrlərdə istehlak krediti seqmentində kredit kartları üzrə yüksək artım dinamikası müşahidə olunur.

“Kredit kartlarında azalma müşahidə olunur, qərarın məntiqi zəifdir”

Bu barədə iqtisadçı-ekspert Samir Əliyev bildirib.

O bildirir ki, AMB-nin kredit kartları ilə bağlı borclanmanı məhdudlaşdırmaq üçün atdığı addım məntiq baxımından mübahisəlidir. Çünki qurumun özünün dərc etdiyi statistika tam əks mənzərəni ortaya qoyur.

S.Əliyev

AMB-nin statistik bülleteninə görə, 2025-ci ilin ilk yarısında ödəniş kartları ilə verilmiş kreditlərin ümumi həcmi cəmi 3,2% artsa da, may-iyun aylarında bu göstərici 1,42 milyard manatdan 1,39 milyard manata düşüb. Kredit kartlarının sayı isə yanvar-iyun dövründə 2 milyon 256 mindən 2 milyon 118 minə enib. Ümumi ödəniş kartlarında kredit kartlarının payı da 11,3%-dən 10,3%-ə qədər azalıb. Bu müddətdə kredit kartları ilə aparılan əməliyyatların sayı və həcmi də müvafiq olaraq 14 milyondan 13,8 milyona və 893 milyon manatdan 800 milyon manata düşüb.

Əliyev hesab edir ki, AMB-nin “istehlak krediti seqmentində kredit kartlarının yüksək artım dinamikası müşahidə olunur” fikri nisbidir. Çünki ev təsərrüfatlarına verilmiş ümumi kreditlərdə artım 4,8% olduğu halda, kartla verilən kreditlərin artımı yalnız 3,2% olub. Ödəniş kartları ilə verilmiş kreditlərin istehlak kreditlərindəki payı isə hazırda 8,1% təşkil edir. Halbuki bu göstərici 2024-cü ildə 8,2% idi və 2022-ci ildən sonra ən aşağı səviyyəyə düşüb.

“Ümumi tendensiya kredit kartlarına marağın azaldığını göstərir. Belə olan halda şərtlərin sərtləşdirilməsi nə dərəcədə əsaslıdır?” – deyə, Samir Əliyev sual edir.

Ekspertin fikrincə, AMB-nin diqqəti daha çox istehlakçıların hüquqlarının qorunmasına yönəlməlidir. Məsələn, bəzi bankların müştərinin icazəsi olmadan əməkhaqqı kartından kredit kartı üzrə borcu avtomatik silməsi və ya gecikməyə düşən gündən başlayaraq gündəlik zənglər və psixoloji təzyiqlər göstərməsi kimi təcrübələrə son qoyulmalıdır.

 

Seçilən
18
banker.az

1Mənbələr