AZ

Əcnəbilərə gedən qızlarımız, əcnəbidən qız alan kişilərimiz...


Azərbaycan xalqı tarixən ailə dəyərlərinə verdiyi böyük əhəmiyyətlə, ailənin möhkəmliyini qorumaqla, ailəni müqəddəs saymaqla başqa xalqlardan ciddi şəkildə fərqlənib. Biz daha çox milli ailə modelinə sahib çıxmağımızla nümunə olmuşuq.

Xüsusən də qızlarımız başqa xalqların nümayəndələri ilə ailə qurmağa üstünlük verməyiblər. Bu keçmiş zamanlarda belə olub, Sovet illərində də başqa xalqın nümayəndəsi ilə ailə quran qızlarımız barmaqla sayılacaq qədər olub. Biz xalq olaraq demoqrafik mühitin sağlamlığına, demoqrafik mənzərəmizin pozulmamasına çox üstünlük vermişik. Azərbaycanlı qızlar tarixən bir qayda olaraq azərbaycanlı oğlanlarla ailə qurublar, adətən oğlanlarımız başqa xalqların qızlarını gətirib evlərimizdə gəlin ediblər. Cəmiyyət olaraq buna tolerant yanaşmışıq...

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ailə dəyərlərimizə yanaşmada müəyyən fərqliliklər meydana çıxdı. Gənclər ailə dəyərlərinə bir qədər fərqli yanaşdılar. Nəticədə başqa millətlərin nümayəndələri ilə evlilik dəbə mindi. İndi nəinki oğlanlarımız əcnəbilərlə evlənir, hətta qızlarımız az qala bu məsələdə onları arxada qoyublar. Bəli, Azərbaycanda son illər əcnəbilərlə nikaha girənlərin sayı çoxalıb. Qızlarımızın müəyyən bir qismi əcnəbilərlə ailə qurur,oğlanlarımız da əcnəbi qızlara meyl edirlər.

Bu məsələ demoqrafik mənzərəyə, ailə dəyərlərimizə hansı təsirlər göstərir, ziyanlı tərəfləri nədir? Buna müsbət yöndən yanaşmaq olarmı? Əcnəbilərlə nikah ailə dəyərlərimiz üçün nə qədər təhdid yaradır?

Son statistika nə deyir...

Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, cari ilin ilk altı ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 080 nikah bağlanıb. Belə ki, onlardan 599 nəfəri Azərbaycan vətəndaşı olan kişi, eləcə də 481 nəfər Azərbaycan vətəndaşı olan qadındır.

Qeyd edək ki, daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Pakistan vətəndaşları ilə Azərbaycan vətəndaşları arasında nikahlar rəsmiləşdirilib.

Məlumat üçün bildirək ki, illər üzrə statistika dəyişir, bu istiqamətdə ya artım, ya da azalma baş verir.

Bəzi ekspertlərin fikrincə, qloballaşan dünyada qarışıq nikahların olması qanunauyğunluq hesab olunur, amma bütün hallarda, yenə də müəyyən məqamlar nəzərə alınmalıdır. Ekspertlər deyir ki, əcnəbi ilə ailə həyatı qurmaq - dəyərləri, mədəniyyətləri, düşüncə tərzləri fərqli olan insanların izdivacıdır. Elə qloballaşan dünyada da dəyərlərin, düşüncə tərzlərinin, mədəniyyətlərin toqquşmasının şahidi oluruq. Bir yazıda deyildiyi kimi,"kiçik dövlət" sayılan ailə də bu toqquşmalardan xali deyil. Xüsusən də bu "kiçik dövlət" fərqli mədəniyyətlərə, dəyərlərə sahib insanlar tərəfindən qurulubsa. Statistika bu kimi evliliklərin azaldığını desə də, amma bu da danılmaz faktdır ki, günümüzdə gənclərimizin, xüsusilə də gənc xanımlarımızın əksəriyyəti əcnəbilərlə nikaha can atır. Ekspertlər deyir ki, mədəniyyətlərin, adətlərin fərqliliyi özünü, xüsusilə uşaqların tərbiyəsində göstərir. Yəni uşaqların valideynlərindən hansının milli mənsubiyyəti və mədəniyyətini qəbul edəcəyi ilə bağlı məsələlər problemlərin ön cərgəsində durur. Ekspertlərə görə, qarışıq etnik nikahların ən böyük təhlükələrindən və risqlərindən biri də ər-arvad arasında meydana gələn mübahisə, münaqişə və boşanma zamanı uşaqların hansı valideynlə və hansı ölkədə qalması ilə bağlıdır. Lakin bütün bu növ nikahların uğursuzluğa düçar olacağını düşünmək və bunu ümumiləşdirmək səhv yanaşmadır.

Sosioloq, professor Əhməd Qəşəmoğlunun fikrincə, bu məsələni bir müddət də iqtisadi amillərə bağlayırdılar: "Müəyyən bir dövrdə belə bir fikir yaranmışdı ki, əcnəbilərin hamısı maddi baxımdan çox yaxşı vəziyyətdədir. Çünki kimin əcnəbi qohumu var idisə, gələndə yaxşı hədiyyələr gətirirdi. Ona görə də, belə ictimai rəy formalaşmışdı ki, əcnəbilər imkanlı olur. Amma əvvəlki dövrlərdə əcnəbilərlə ailə qurmağa əngəl olan bəzi mənəvi-psixoloji məqamlar var idi deyə, bu cür nikahlar elə də çox deyildi. Lakin 90-cı illərdən sonra bu əngəllər ortadan götürülməyə başladı və nəticə etibarı ilə bu cür nikahların sayı artdı. Hətta prestijli bir addım kimi qiymətləndirildi".

Sosioloq qeyd etdi ki, qloballaşmanın belə sürətlə getdiyi vaxtda xarici vətəndaşlarla nikaha girənlərin olması təbii haldır: "Bu, eyni zamanda strateji məsələdir və dövlətin diqqət mərkəzindədir. Bu proses sivil yollarla tənzimlənir. Çünki xarici nikahların artması ölkə əhalisinin milli-etnik tərkibinə təsir edə bilər. Xarici vətəndaşlarla nikaha girənlərin vətəndaşlıq hissləri yüksək olarsa, Azərbaycanla başqa ölkələrin arasında yaranan əlaqə ölkəmiz, dövlətimiz üçün faydalı olar. Burada "qırmızı xətt" var. Onlar tariximizə, dövlətçiliyimizə, azərbaycançılıq, türkçülük məfkurəsinə lazımı ehtiram göstərməli, qorumalıdırlar. Əks təqdirdə, xarici vətəndaşlarla çoxlu nikahlar etnik tərkibə təsir göstərdiyindən, təhlükəli ola bilər. Son bir neçə ildə xarici vətəndaşlar və vətəndaşlığı olmayanlarla on minə yaxın nikah bağlanıb. Təbii ki, 10-20 ilin statistikası daha böyük olacaq. Ona görə də indiki vaxtda əcnəbilərlə nikahın əsas motivləri dəqiqləşdirilməlidir. Buna uyğun elə humanitar siyasət aparılmalıdır ki, biz o "qırmızı xəttə" yaxınlaşmayaq".

“Demək olmaz ki, bu yalnız bir səbəblə bağlıdır”

Sağlam Toplum Hərəkatının eksperti Lalə Mehralı “Bakı-Xəbər”ə bildirdi ki, əcnəbilərlə nikahlar fərqli səbəblərdən olur, kimi daha fərqli mədəniyyətlər tanımaq arzusu ilə, kimi daha yaxşı həyat yaşamaq istəyində olduğu, kimi başqa ölkələrin vətəndaşlığını ala bilmək, kimi təhsil imkanlarını genişləndirmək üçün evliliyi bir tramplin olaraq nəzərdə tutub ailə qurur: “Ona görə də, demək olmaz ki, bu yalnız bir səbəblə bağlıdır. Düzdür, əvvəllər qızlarımız daha çox əcnəbilərlə ailə qururdular, indi oğlanlarımız da meyllənib. Əcnəbi deyəndə elə qardaş ölkəyə qız verib, qız alırıq ki, buna əcnəbi ilə evlənmək demək düzgün deyil. Oğlanlarımız arasında başqa xalqlardan qız alanlar da var, əcnəbilərlə ailə quran qızlarımız da. Əgər fikir ayrılığı yoxdursa, bir-birinin mədəniyyətlərinə, inanclarına, dəyərlərinə hörmət etməyi bacarırlarsa niyə də olmasın? Düzdür, insan öz ölkəsində öz adət-ənənəsini bilən, ona hörmət edən insanla evlənməyi planlaşdırsa da, sonra həyatın axarı dəyişir və zamanla insanda alternativ fikirlər də yaranır. Dünən soyuq baxdığı əcnəbi evliliyə bu gün isti baxa bilir. Yəni insan fikri dəyişə bilir”.

Bu cür evliliklərin zərərli tərəflərinə gəlincə, L.Mehralı dedi ki, bu, boşanma baş verərsə uşaqların gələcək taleyi ilə bağlı anlaşılmazlıq yaranması ola bilər. “Biz bir müddət əvvəl bir şeyxlə evlənən modelin timsalında bunu gördük. Onu ailə qurduğu ölkədə bir otağa qapatmışdılar uşaqlarını görə bilmirdi. Sonra o, Vətənə gəldi, uşaqları orda qaldı. O ölkədə valideynlər boşananda uşaqlar anaya verilmir. Yəni boşanma halında bu kimi problem yaranır. Ona görə də yüz ölçüb bir biçmək lazımdır ki, ailə uğurlu olmasa məni nə gözləyir. Bu məsələlər də nəzərə alınmalıdır”-deyə L.Mehralı vurğuladı.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
5
baki-xeber.com

1Mənbələr