AZ

Putin insanları xilas etmək üçün həyatını qurban verən azərbaycanlı qəhrəmanı ordenlə təltif etdi REPORTAJ

Ses qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin 2024-cü il martın 22-də “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı zamanı həyatı bahasına insanları xilas edən Azərbaycanın Sumqayıt şəhərindən olan Vüqar Hüseynovu ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edib. Hücum zamanı Hüseynov yaxınlıqda olan qadınların qarşısını öz bədəni ilə örtərək terrorçuların atəşini öz üzərinə götürüb. Onun hərəkəti ölümcül təhlükə qarşısında insan şücaətinin simvolu oldu.

“Moskva-Baku” portalında faciədən sonra Vüqar Hüseynovun ailəsi və dostları ilə söhbət əsasında hazırladığı material dərc olunub. Yazını oxucularımıza təqdim edirik.

Vüqar həmişə, istənilən şəraitdə sıçrayışlı reaksiya verə bilirdi. Bu onun xarakterindədir. Martın 22-də terror aktı zamanı kiçik oğlu ilə birlikdə “Krokus”da olan dostu Aleksey Vüqar Hüseynov haqqında belə deyir. O, dostunu xatırlayaraq qeyd edib ki, terror aktı zamanı Vüqar terrorçuların güclü atəşi altında bar masalarından qoruyucu barrikadalar quraraq digər insanlara özlərini xilas etmək şansı verməyə çalışıb. Bəzi insanlar onun sayəsində ölümdən xilas ola bilib.

Təəssüf ki, Vüqar Hüseynov və onun həyat yoldaşı Lilit İsraelyan həmin dəhşətli cümə axşamı özləri xilas ola bilmədilər. Cütlük geridə yaş yarımlıq oğlu Timuru qoyub.

Hətta kişilər də ağladı

2024-cü il martın 27-də Moskvanın demək olar ki, bütün Vnukovo rayonu Vüqar Hüseynov və onun həyat yoldaşı Lilit İsraelyanla vidalaşmaq üçün yerli Mədəniyyət Evinə gəldi. Vüqar və Lilitlə vidalaşmağa qohumlar, dostlar, sinif yoldaşları, Vnukovo hava limanının bütün kollektivi, hətta həyatda cütlüyü tanımayanlar da gəlib. Vüqarın dostu Aleksey göz yaşlarını saxlayaraq, “O qədər adam var idi ki, meydanda boş yer yox idi”- dedi.

Vüqar və Lilitin faciəli hekayəsi ürəkləri riqqətə gətirdi və insanları bir çox şeyləri yenidən düşünməyə sövq etdi. Uşaqlıq dostunun dediyinə görə, Vüqar və Lilit hekayəsi zəmanəmizin Romeo və Cülyetta hekayəsidir. Biri, azərbaycanlıdır, digəri ermənidir. İki ziddiyyətli xalqın nümayəndələri. Və öz hekayələri ilə sevginin istənilən fərqliliyi və maneələri dəf edə biləcəyini göstərdilər.

"Onlar bir-birlərini çox sevirdilər. Gözəl ailə idi. Vüqar "çıraq” idi. İçəri girəndə enerjisi hamıya yaxşı mənada təsir edirdi. O, ən mehriban insan idi. Mən az adam tanıyıram ki, həmişə köməyə gəlsin. Həyatda nə vəziyyətdə olursa olsun, Vüqar həmişə kömək edərdi. Liliya onun sadiq yoldaşı, sadiq həyat yoldaşı idi. O da hər şeydə onu dəstəkləyib, bir-birləri kimi parlaq insanlar idi- Aleksey belə tərif etdi.

Uşaqlıq dostu

Aleksey üçün dostu haqqında keçmiş zamanda danışmaq çətindir. Onlar bir həyətdə böyüyüb, eyni məktəbdə oxuyublar.

"Vüqarla uşaqlıqdan dostuq. O, Azərbaycanın Sumqayıt şəhərində anadan olub. Atası hərbçi olub. Və biz təxminən 4-5-ci sinifdə oxuyanda tanış olmuşuq. Bir sinifdə oxumuşuq, bir küçədə, bir evdə yaşayırdıq. Vüqar mənim üçün qardaş kimi idi. O, məni dəfələrlə müdafiə etmişdi. Kimsə mənə toxunanda, oan deyirdi ki, o mənim qardaşımdır, ona toxuna bilməzsən. O, həmişə mənim üçün xilaskar idi, amma hər şeyi sülh yolu ilə həll edirdi- Aleksey deyir.

"Onlar Vnukovo hava limanında iş yerində görüşmüşdülər" deyə Aleksey xatırlayır. "Lilit onun diqqətini çəkdi və mənə onu çox bəyəndiyini dedi. Hisslərinə heç bir şübhəsi yox idi, amma bir az narahat idi ki, sevgilisinin ailəsi erməni, onunku isə azərbaycanlıdır. O, tənqid oluna biləcəyindən narahat idi. Amma əslində, görüşlərimiz zamanı gördüyüm kimi, bu iki ailədə hər şey mehribanlıqla gedirdi. Lilitin atası Vüqar haqda həmişə yaxşı danışırdı... Vüqarla Lilit arasında heç bir mübahisə və narazılıq görmədim. Onların bir oğlu qaldı, o, nənəsi və babası- Lilitin valideynləri ilə yaşayacaq, çünki, təəssüf ki, Vüqarın valideynləri dünyasını dəyişib. Aleksey martın 22-də axşam saatlarını xatırlayaraq bildirdi ki, Vüqarla Lilitin oğlu deyəsən nəsə hiss etmişdi ki, valideynlərini buraxmırdı.

"Vüqar və Lilit Lilitin valideynlərinə baş çəkməyə gələndə Timur dərhal nənəsinin qucağına qaçırdı, çünki Lilitə çox oxşayırdılar. Amma həmin axşam onları buraxmaq istəmirdi. Onlar getmək istəyəndə, o da arxalarınca qaçırdı, sanki, getməyin demək istəyirdi..."- Aleksey deyir.

Oğlunu xilas etdi

Martın 22-də axşam baş verənləri xatırlamaq Aleksey üçün çox çətindir. Axı o axşam dostlarını itirdi və yalnız möcüzə nəticəsində oğlunu itirmədi. O da 7 yaşlı oğlu ilə Krokusda həmin faciəvi konsertdə idi. Terrorçular binaya girəndə dərhal onların üstünə atılıblar. Aleksey necə öldürülmədiklərini bilmir. Bu bir növ möcüzə idi.

"Oğlumla əlimdən tutaraq gedirdim və birdən Benqal işıqlarına bənzəyən qığılcımlar gördüm və fikrimdən keçdi ki, bəlkə Piknik qrupunun hansısa pərəstişkarı atəşfəşanlıq yandırıb. Sonra şüşələrin yıxıldığını və salona terrorçuların qaçdığını gördüm. Və elə oldu ki, 3-5 metr aralıda onlarla üz-üzə gəldik. Onlar da cərgə qurmağa başladılar. Ağlıma gəldi ki, bu, Crocusda keçirilən bir növ Airsoft oyunu idi, çünki bu, bir növ oyuncaq silaha bənzəyirdi. Biz eskalatora tərəf qaçdıq və oğlumu öz bədənimlə örtdükdən sonra dəhlizlərlə birlikdə yeriyərək hamıya zəng vurmağa başladıq. Vüqara və başqa bir dostumuz Valentin Nikolayenkova zəng etdim.

O, Vnukovo hava limanının koordinasiya idarəetmə mərkəzinin direktoru işləyib. O da Vüqar kimi terrorçular tərəfindən öldürüldü. Çox parlaq, yaxşı xasiyyətli insan idi. Əsl insan və dost. Övladlarını çox gözəl böyüdüb. Onlar onun əsl davamçısıdır. Valentin mənim dostumdur, Vüqar və Lilya kimi. Onun həyat yoldaşı hazırda başından güllə yarası alıb və hələ də reanimasiyadadır”,- Aleksey deyir.

Dostları itirmək çətindir. Xüsusən də Vüqar, Lilit və Valentin kimiləri- onların fotolarına baxan Aleksey əlavə etdi.

Sonuncu mesaj

Vüqardan gələn son SMS-i artıq bir neçə gündür ailə dostu Olqa hər dəfə göz yaşları ilə təkrar oxuyur. 8 mart bayramında Vüqar ona arzularla gülməli mesaj göndərib.

"Onu xatırlayanda onun getdiyini başa düşmək mənim üçün çox çətindir. Hər birimiz onunla dostluqdan daha çox bağlı idik. Plotinnaya küçəsindəki evimiz bir böyük ailə kimidir. Başqa yerə köçəndən sonra da mən qismən orada yaşayırdım. Onun dostları: İrina, Aleksey, Natalya, Sergey - hamı onu qardaş hesab edir. Və tək adamların siyahısı onu çox böyükdür, heç kimsə onun haqqında pis nəsə deyə bilməz"- ailə dostu Olqa xanım deyir.

Çoxsaylı dostlarının yaddaşında Vüqar və Lilit şən, həmişə kömək etməyə hazır insanlar olaraq qalacaqlar.

"Vüqar dost qrupumuzun qəlbi idi, haqq-ədalət uğrunda mübariz idi. Uşaq evlərinin uşaqlarına kömək edirdi, xeyriyyəçiliklə məşğul olurdu. Lilit onun balaca və təvazökar şahzadəsidir, təmiz ruhlu qızdır. Onların ailəsi iffət nümunəsi idi. Cazibədar, gözəl cütlük. Vüqar həyatı və orada baş verən hər şeyi qiymətləndirirdi. Onun qəhrəmanlığı, sadəcə olaraq, orada öz qəhrəmanlığı ilə başqalarının həyatını xilas etməsi deyildi. O, mənim və başqalarının həyatında həmişə var olan bir qəhrəmandır , bir dostdur!

Ailə və dostlar üçün bu çətin dövrdə Lilitin atası Xaçatur İsraelyan özündə güc tapdı və bizimlə bir az söhbət etdi. O, səmimi dəstəyə görə Azərbaycan xalqına minnətdarlıq sözlərini çatdırıb. Həm də bu günlərdə onlarla birlikdə olanların hamısına.

“Crocus City Hall”da baş verən terror aktı insan həyatının nə qədər kövrək olduğunu, onun nə qədər asanlıqla götürülə biləcəyini, işıqlı insan olaraq qalmağın nə qədər vacib olduğunu bir daha xatırlatdı.

“Moskva-Baku” portalı Vüqar və Lilitin ailəsinə və yaxınlarına, Valentin Nikolayenkovun ailəsinə, eləcə də bu dəhşətli terror aktı nəticəsində həlak olanların hamısının yaxınlarına dərin hüznlə başsağlığı verir. Və əminik ki, başqalarını xilas etmək üçün canını verən Vüqar Hüseynovun qəhrəmanlığı unudulmayacaq.

Müəllif- Tatyana Novikova

Tərcümə - Elçin Bayramlı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
sesqazeti.az

1Mənbələr