Ad hər bir insanın cəmiyyətdə fərd olaraq seçilməsini təmin edən bir vasitədir.
İnsanlar adlara görə biri-birindən fərqlənirlər.Kimisi adına görə fəxr edir, kimisi də bundan xəcalət çəkir. Ən böyük məsuliyyət isə valideynlərin üzərinə düşür. Çünki bu məsələdə valideynlər övladlarını düşünməyərək ağıllarına gələn adları qoyurlar.
Elə adlar var ki, onların xüsusi qoyulma səbəbi var, eləsi də olur ki, sadəcə istəkdən qoyulur. Ölkədə yetəri qədər maraqlı adlara rast gəlirik.
Meyvədən tutmuş, “Rəzil”, “Kündə”, “Şikayət”, “Türmə”, hətta rayon adları da qoyanlar var.
Görəsən, belə adları qoymaqda məqsəd nədir? Uşaqlara qoyulan bu adlar onların həyatında nə dərəcə rol oynayır?
Sosioloq Lalə Mehralı “Cebheinfo.az”-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, bu cür adların qadağan edilməsi vacib məsələdir:
“Uşaqlara qoyulan adların mənasına, tələffüzünə və yayılmasına kimi amillərə diqqət yetirmək vacibdir. Əgər qanunvericilikdə sözügedən adların qoyulması ilə bağlı qadağa tətbiq olunmasaydı, ölkədə bu sahədə vəziyyət acınacaqlı olardı. Təsəvvür etmək o qədər çətindir ki, bir uşağa necə “Türmə”, “Rəzil” adları vermək olar.
Hətta bəzən uşağına “Nankör” adı vermək istəyən valideynlər də olur, bu adın mənasını bilməmək isə mümkün deyil. Biri var cahillikdən qoyasan, biri də var rəzil, nankör sözünün mənasını bilib uşağa bu adı qoyasan, bu olduqca qəribə haldır”.
Onun sözlərinə görə, adlarla bağlı qadağalar uşaqların gələcəyini qorumağa kömək edir:
“Bu səbəbdən Azərbaycan üçün adlarla bağlı qadağa siyahısı olduqca lazımlı idi və bunu vaxtında tətbiq edilməsi çox uşağın taleyində ciddi rol oynayıb”.
Sosioloq qeyd edib ki, 18 yaşına qədər belə uşaqlar öz adını sərbəst dəyişə bilmək imkanına malik olmur, həmçinin bu adı qoyan valideynlər də uşaq tələb etsə belə, o adı dəyişməyəcək:
“Adlarla bağlı qadağa mexanizmi lazım idi və bu mexanizm işləyəndən bəri açıqlanan adlar arasında o qədər absurd adlar var ki, hələ icazə versəydilər valideynlər uşaqlara belə biabırçı adları qoymağa davam edərdilər”.