Uşaqların sağlam böyüməsi və xəstəliklərə qarşı müqavimətli olması üçün güclü immun sistemi əsas şərtlərdəndir. İmmunitet zəif olduqda uşaq tez-tez yoluxucu xəstəliklərə tutulur, sağalma müddəti uzanır.
Uşaqlarda immunitetin gücləndirilməsi üçün təbii və tibbi yollarla nələr etmək lazımdır?
Redaktor.az-a danışan pediatr Şəlalə Poluxova bildirdi ki, immunitetin gücləndirilməsi üçün təbii yollar dedikdə ilk növbədə balanslı və sağlam qidalanma nəzərdə tutulur.
"Yəni həm zülal, həm yağ, həm karbohidratlardan təşkil olunmuş, vitamin və minerallarla zəngin, tam balanslı qidalanma uşaqlara təmin olunmalıdır. Həmçinin vitamin və minerallarla zəngin qidalar, ət məhsulları, süd məhsulları, paxlalılar yeymək tövsiyə olunur.
Yuxu rejiminə əsas vurğulamaq istərdim ki, burada yuxu çox vacibdir. Uşaq kifayət qədər yuxu qəbul etməlidir. Gün ərzində yaşına uyğun olaraq, əlbəttə ki, ortalama bir uşaq 10-12 saat yuxu yatmalıdır. Xüsusən axşam saat doqquzdan gec olmayaraq yuxuya getməlidir. Bu vərdişlər, yuxu vərdişlərinin formalaşması immun sisteminin üzərində çox böyük rol oynayır".
Pediatr qeyd etdi ki, uşaqlar fiziki aktivliklə məşğul olmalıdır:
"Açıq havada oyun ola bilər, gəzinti ola bilər, velosiped sürmək və s ola bilər. Bunlar hamısı immun sisteminə müsbət təsir göstərir. D vitamininin, günəş şüalarının, əlbəttə ki, immunitet üzərində artıq faydasını deməyə ehtiyac yoxdur. Burada D vitamini çox vacibdir. Qısa müddətli də olsa, günəş altında vaxt keçirmək, xüsusən səhər saat 10:00-11:00 radələrinə qədər, axşam saat dörddən sonra günəş altında oyunlar oynamaq uşaqlar üçün çox faydalı ola bilər. Xüsusən də yay mövsümündə, dənizdə, qumda belə vaxt keçirmək çox faydalıdır. Həmçinin gigiyena qaydaları uşaqlara təşviq olunmalıdır. Əllərin tez-tez yuyulması, xüsusən yeməkdən öncə, tualetə getdikdən sonra uşaqlara kiçik yaşlarından öyrədilməlidir".
Müsahibimizin sözlərinə görə, stress səviyyəsinə çox fikir vermək lazımdır.
"Uşaqlarda psixoloji gərginlik, təəssüf ki, immuniteti zəiflədir. Uşaqlarla mehriban münasibət, sevgi dolu, təhlükəsiz bir mühit təşkil, təmin etmək lazımdır ki, uşaqlar belə mühitdə sağlam böyüyə bilsinlər.
Uşaqlar daha çox qumda, torpaqda, təbiətdə, təbiət qoynunda vaxt keçirsinlər. Əlbəttə ki, biz burada peyvəndi olunan uşaqları nəzərdə tuturuq.Bəs tbbi yollarla immuniteti necə gücləndirə bilərik? Burada, birinci növbədə mən vaksinasiyanı vurğulamaq istəyirəm. Peyvəndlər immunitetin gücləndirilməsində ən böyük silahımızdır. Bəzi xəstəliklər var ki, qarşısı alına bilən, təhlükəli xəstəliklərdir və bunların qarşısının alınması üçün, uşaqlarımızın bu xəstəliklərə yoluxmaması üçün yeganə yolumuz peyvəndlərdir. Peyvəndləri vaxtı-vaxtında, peyvənd cədvəlinə uyğun olaraq, uyğun şəkildə etdirmək lazımdır".
Pediatr vurğuladı ki, D vitamini tibbi yolla immunitet gücləndirilməsində vacibdir.
"Burada, xüsusən də, sıfır yaşdan, yəni yenidoğulmuş dönəmindən iki yaşa qədər uşaqlara profilaktik dozada D vitamini verilir. Qalan yaşlarda isə, xüsusən də qış aylarında, günəş şüalarına daha az məruz qaldıqda, zaman-zaman ehtiyac duyulur. Buna görə də yalnız həkim məsləhəti ilə D vitamini və digər vitamin-mineral əlavələrinə üst tutula bilər".
Xədicə BAXIŞLI