"Məsud Pezeşkiyanın Azərbaycanla və ümumiyyətlə qonşu ölkələrlə bağlı çıxışı İran hakimiyyətinin qonşu müsəlman ölkələrlə davranışının iddialı olduğunu etiraf etməsi kimi qiymətləndirilə bilər. Bununla Pezeşkiyan sübut edir ki, Tehran hakimiyyəti indiyə qədər həm digər müsəlman ölkələrə, həm də Azərbaycana qarşı iddialı mövqe sərgiləyib və bu da nəticə etibarilə Azərbaycanla münasibətlərdə müəyyən gərginliklərə səbəb olub".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan İran Prezidenti Məsud Pezeşkianın Zəncana səfəri zamanı səsləndirdiyi "Azərbaycanla əlaqə qura bilmiriksə, günah bizdədir"- fikrinə münasibət bildirərkən dedi.
"Bu yanaşmanı onun Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlama ilə də birləşdirmək mümkündür. Həmin açıqlamada Pezeşkiyan bildirmişdir ki, bu kimi məsələləri ,yəni Zəngəzur yolu ilə bağlı problemi şişirtmək və onu problemə çevirmək əhəmiyyətsizdir. Bütün bunlar Pezeşkiyanın qonşu ölkələr, xüsusilə də Azərbaycanla daha konkret və daha konstruktiv əlaqələr qurmaq istəyi ilə çıxış etdiyini göstərir.
O, Zəngəzur yolu ətrafında Tehran hakimiyyətinin müxtəlif nümayəndələrinin səsləndirdiyi bəyanatları sanki bu fikirləri ilə dəyərləndirir və məsələni əhəmiyyətsiz sayır. Beləliklə, Pezeşkiyan qonşu ölkə ərazisində kommunikasiya və tranzit xətlərinin mövcudluğunu problemə çevirməyə ehtiyac görmədiyini nümayiş etdirir. Azərbaycanla münasibətlərə gəldikdə isə, o, İranın İsrail qarşısında uduzmasının səbəbini daxildə, yəni İran hakimiyyətində görür və bu məsələdə haqlıdır".
Siyasi şərhçi əlavə etdi ki, son 30 il ərzində Tehran hakimiyyəti yalnız Ermənistanla əlaqələri dərinləşdirərək Azərbaycan torpaqlarının işğalından istifadə etməyə çalışıb.
"Azərbaycanı təzyiq altında saxlamaq, Ermənistanla münasibətləri Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək İranın əsas xətti olub və nəticədə normal qonşuluq münasibətləri qurulmayıb. Bu gün isə Azərbaycanla İran arasında münasibətlərin normallaşması istiqamətində müəyyən cəhdlər göstərilir. Halbuki ötən 30 ildə münasibətlərin inkişafı, genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlıq və s. məsələlər nəzərdən keçirilə bilərdi. Aydın görünür ki, İranla Azərbaycan arasında münasibətlər heç zaman tam normal olmayıb və bu reallığı Pezeşkiyan da çıxışı ilə dolayısı ilə etiraf edir", - deyə Sədrəddin Soltan qeyd etdi.
Xədicə BAXIŞLI