Bakı, 1 avqust, Pərvin Bayramova, AZƏRTAC
Azərbaycan və Suriya arasında uzunmüddətli fasilədən sonra ikitərəfli əlaqələrdə tamamilə yeni bir dövr başlayıb. Tarixi və mədəni bağlara malik ölkələrimiz arasında 1992-ci ildə diplomatik münasibətlər qurulub. Ümumilli Lider Heydər Əliyevin Bakı və Dəməşq arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar çərçivəsində 1997-ci ildə Dəməşqdə Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlayıb. Təəssüflər olsun ki, Azərbaycan-Suriya diplomatik əlaqələri təxminən iyirmi il sonra kəsilib və 2012-ci ildə Dəməşqdəki səfirliyimiz öz fəaliyyətini dayandırıb. Bəşər Əsəd rejimi tərəfindən münasibətlərimizin zədələnməsi, Suriyanın İslam Əməkdaşlıq Təşkilatına üzv olmasına baxmayaraq, Qarabağ məsələsində Azərbaycana həmrəylik nümayiş etdirməməsi, təşkilat daxilində ziddiyyətli bəyanatlar verməsi, Suriyanı ASALA terror təşkilatının, eyni zamanda PKK-nın yuvasına çevirməsi səbəbindən Azərbaycan-Suriya əlaqələri onun dövründə arzuolunan səviyyədə olmayıb.
AZƏRTAC Azərbaycan-Suriya münasibətlərinin yeni mərhələsi ilə bağlı diqqətçəkən məqamlara nəzər salır.
2024-cü ilin dekabr ayında baş verən hakimiyyət dəyişikliyindən sonra iki ölkə arasında münasibətlərin bərpa olunması, əlaqələrin inkişafı baxımından yeni imkanlar ortaya çıxıb. Suriyada hakimiyyət dəyişikliyindən sonra Azərbaycan bu ölkəyə, eləcə də Suriyanın ərazi bütövlüyünə, suverenliyinə dəstəyini ifadə edib. Əsəd rejiminin devrilməsindən sonra həm Azərbaycanın Xarici İşlər Nazirliyinin münasibətlərin bərpa olunacağına dair verdiyi bəyanatlar, daha sonra Azərbaycan nümayəndə heyətinin Dəməşqə səfərləri və bu çərçivədə keçirilən görüşlər ikitərəfli əlaqələrin bərpası istiqamətinə atılan mühüm addımlar hesab olunur. Türkiyə ilə birlikdə Suriyaya öz dəstəyini ifadə edən Azərbaycan hökumətinin təşəbbüsü ilə 2024-cü il dekabr ayının 30-da Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı göndərilib. Azərbaycan Prezidenti Suriya məsələsində ilk gündən etibarən Türkiyənin yanında olduğunu, qardaş ölkə ilə çiyin-çiyinə dayandığını, eləcə də Suriyada humanitar problemlərin həllinə, bərpa-quruculuq prosesinə öz töhfəsini verməyə hazır olduğunu bildirib.
Azərbaycan-Suriya münasibətlərinin yeni mərhələsində baş verən ən mühüm hadisələrdən biri fevral ayında Dəməşqdəki səfirliyimizin öz fəaliyyətini bərpa etməsi oldu. Fevralın 15-də Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şaraaya təbrik məktubu ünvanlaması, aprel ayında baş tutan Antalya Diplomatiya Forumu çərçivəsində liderlər arasında ilk görüşün keçirilməsi münasibətlərin inkişafına müsbət təsir göstərdi.
İyunun 12-də Suriyanın keçid dövrü Prezidentinin Azərbaycana işgüzar səfəri iki ölkə arasında münasibətlərdə mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalandı. Azərbaycan qazının Suriyaya nəqlini nəzərdə tutan bu anlaşma tarixi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı ikitərəfli əməkdaşlığı daha da dərinləşdirəcək. Həmçinin Suriyanın enerji təhlükəsizliyinə əsaslı töhfə verəcək. Eyni zamanda, bu, Azərbaycan qazının diversifikasiyası üçün yeni imkanlar açacaq. Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, onun bərpası mümkündür. Bu da Azərbaycan qazının Suriyadan keçməklə Misirə qədər çatdırılması perspektivini vəd edir. Göründüyü kimi, Azərbaycanın enerji strategiyası getdikcə daha da inkişaf edir. Ölkəmiz artıq yalnız ənənəvi tərəfdaşlarla deyil, həm də yeni regional bazarlarla əlaqələrini möhkəmləndirir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan Avropa, Mərkəzi Asiya istiqamətində fəal siyasət yürütdüyü kimi, Yaxın Şərq regionunda da öz fəallığı ilə seçilir və bu regionda da Bakı etibarlı tərəfdaş kimi tanınır.