AZ

Bruno Franko: “Araz-Naxçıvan” üçün canımı fəda edərəm

BAKI, 1 avqust. TELEQRAF

“Araz-Naxçıvan” tarixində ilk dəfə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstanın “Aris” klubunu mübarizədən kənarlaşdıraraq avrokuboklarda mərhələ adlayıb.

"Qırmızı-ağlar"ın braziliyalı futbolçusu Bruno Franko bu uğurdan sonra Teleqraf-a müsahibə verib. 27 yaşlı müdafiəçi həm tarixi qələbə və oyun zamanı yaşanan çətinliklər, həm də növbəti mərhələdəki hədəflərlə bağlı fikirlərini bölüşüb:

- “Aris”lə cavab oyununun ilk hissəsində inamlı təsir bağışladınız. Görüşə psixoloji və taktiki baxımdan necə hazırlaşmışdınız?

- Hər bir futbolçunun meydana çıxmağı arzuladığı oyun idi. Bütün həftə boyunca cavab görüşünü gözləyirdim. Salonikidəki "Kleantis Vikelidis" stadionunu dolu görəndə əmin oldum ki, əla matç alınacaq.

- İlk hissədə 2:0 hesabı ilə irəlidə olduğunuz halda, ikinci yarıda sayca azlıqda qalmaq oyun planınızı nə dərəcədə dəyişdi?

- Mən komandaya hücumda kömək etməyi və yaradıcılığı sevən futbolçuyam. Həmin vaxt demək olar ki, yalnız müdafiədə qalmalı idim. Nəticəni qoruyub saxlamağa çalışdığım üçün iki dəfə daha artıq qaçmalı oldum.

- Görüşün 52-ci dəqiqəsində İqor Ribeyro qırmızı vərəqə aldıqdan sonra komandanızda ruh düşkünlüyü və bu vəziyyətdə qələbəni əldən vermə qorxusu oldumu?

- Komanda olaraq danışdıq, iki nəfərin yerinə qaçmalı olduğumuzu anladıq. Düzü, meydanda 10 nəfərlə qalmaq çox çətin idi. Rəqibin qol vurmasına imkan verməmək üçün əlimdən gələni etdim.

- “Aris” kimi Avropa arenasında müəyyən təcrübəyə malik, büdcəsi "Araz-Naxçıvan"dan təxminən 5 dəfə artıq komandanı turnirdən kənarlaşdırıb, mərhələ adlamaq sizin üçün nə dərəcədə çətin idi?

- Belə güclü və keyfiyyətli komandaya qarşı oyunların yekununda mərhələ keçmək biz futbolçular üçün çox yaxşı təcrübə oldu. Həmçinin baş məşqçimiz Elmar Baxşıyevin işinə daha çox inam və məmnunluq gətirdi. Bir sözlə, “Araz-Naxçıvan” adına tarix yazdıq.

- Klub rəhbərliyi səviyyəsində bu uğur necə qarşılandı, hansısa mükafat oldumu?

- Gözlədiyimiz kimi, hamı çox sevindi və nəticədən qürur duydu. Mərhələ keçdiyimiz üçün mükafat da olacaq.

- Qarşılaşmadan sonra stadionda baş verənlər barədə nə deyə bilərsiniz?

- Mənim üçün ən təhlükəli məqam son dəqiqələrdə rəqibin topa təzyiq göstərməsi idi. Çünki bu bizim üçün çox riskli idi. Provokasiya isə futbolda normaldır və heç vaxt bitməyəcək. Təhqirlərə qulaq asmamalıyıq, özümüzü qorumalı və 100% növbəti oyuna fokuslanmalıyıq.

- Şarl Boli və Felipe Santos bu oyunda qolların müəllifləri oldular. Bir müdafiəçi kimi qol vurmaq istəyi və ya şansınız oldumu?

- Santos və Boli son dərəcə istedadlı oyunçulardır və meydanda fərq yaradırlar. Onlar mərhələ keçməkdə əsas fiqurlar oldular. Müdafiədə biz çox qaçdıq ki, onlar komandaya qol vurmaqda kömək edə bilsinlər.

- Növbəti mərhələdə Kiprin “Omoniya” klubu ilə qarşılaşacaqsınız. Bu rəqib barədə ilkin fikirləriniz nədən ibarətdir?

- “Omoniya” çox güclü komandadır. İnanıram ki, onlara qarşı daha da çətin olacaq. Lakin yaxşı hazırlaşacağıq və yenə yaxşı oyun nümayiş etdirəcəyik.

- İlk oyunun Bakıda olması "Araz-Naxçıvan" üçün nə dərəcədə önəmlidir?

- Fərq elə də böyük deyil. Azarkeşlər baxımından çox önəmlidir. Onlar bizi dəstəkləsələr, biz daha güclü olacağıq və sona qədər onlar üçün mübarizə aparacağıq. Onların sayəsində uğur qazanaraq, cavab görüşünə üstün durumda yollana bilərik.

- Bir futbolçu kimi hədəflərininiz nədir?

- Mənə xoşbəxtlik gətirən bu forma ilə tarixə düşmək və arzumu reallığa çevirən Konfrans Liqasında oynamaq istəyirəm. “Araz-Naxçıvan” üçün canımı fəda edərəm.

Seçilən
40
2
teleqraf.com

3Mənbələr