ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
* ... Azərbaycanda ilk qadın bəstəkarlarından biri olan Şəfiqə Axundova nənəmin bacısı idi və onun Üzeyir bəylə görüşməsi Məmməd Arif və Zümrüd Axundovanın təşəbbüsü ilə baş tutub. Babam və nənəm gənc Şəfiqədə istedadı görəndən sonra belə qərara gəliblər ki, mütləq Üzeyir bəy Hacıbəyliyə müraciət etmək lazımdır, çünki onun qərarından çox şey asılı idi. Bu işdə Mirzə İbrahimovun da rolu olub. Nəhayət dahi bəstəkar gənc qızı qəbul edib və beləliklə də, onun taleyi həll olunub.
* ... Babam Məmməd Arif Dadaşzadə çox təmkinli, ciddi, siması nur saçan insan idi. 1950-ci ildə Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru olan Məmməd Arif Dadaşzadə Azərbaycan ziyalılarının yığıncağındakı çıxışında filosof Heydər Hüseynova qarşı başlayan qarayaxma kampaniyasında əsas ittihamları irəli sürmək əvəzinə, o, institutun tarixi, gördüyü işlər haqqında danışmaqla, Mir Cəfər Bağırovun qəzəbinə tuş gələrək özünə qarşı böyük təhlükə yaratmışdı. Qətiyyətlə Heydər Hüseynovun adınə çəkməyən babamı “Heydər Hüseynovdan daha betər türk casusu” adlandırsalar da, Məmməd Arif həmin çıxışında özünün əsl şəxsiyyət olduğunu göstərə bilmişdi. Həmin hadisədən sonra babam özünə qapanan birinə çevrilmişdi. Millət sevgisi böyük olan azərbaycançı idi babam.
* ...1974-cü ildə Məmməd Arifin 70 illik yubileyi keçirildi. O zaman on iki yaşım vardı və Akademiyanın Rəyasət Heyətinin konfrans zalında keçirilən gecədə kiçik olduğumdan sıxılırdım, çıxışları anlamırdım deyə, darıxırdım. Sonda babama söz verdilər. O tədbirdə olanlar həmin çıxışı xatırlayarlar. Məmməd Arif dedi: “Keçdiyim yola nəzər salanda görürəm ki, ağır sınaqlarla dolu keşməkeşli bir yol gəlmişəm. Lakin bu yolda vicdanımın əyildiyi anı xatırlamıram və bununla fəxr edirəm”. Bu sözlərdən sonra bütün zal ayağa qalxıb onu alqışlamağa başladı. Uşaq yaddaşıma həkk olan həmin mənzərəni indi də xatırlayıram.
* ... Nənəm Zümrüd Axundova cəmi 49 il ömür yaşayıb... Həm indiki Azərbaycan Dövlət Pedaqoji Universitetini, həm də Moskva Dövlət Pedaqoji Universitetində təhsil alan Zümrüd Axundova sonralar ali məktəblərdə dərs deyib. Onun dissertasiya işi “Azərbaycanda qadın təhsili tarixindən. 1900-1914-cü illər“ mövzusunda olub. Nənəm pedaqoji elmlər namizədi adını alan ilk azərbaycanlı qadın alimdir...
* ... Məmməd Arifin bioqrafiyasında Zümrüd xanımın böyük rolu var. 50-ci ildə babama qarşı təqib kampaniyasında Zümrüd xanım Məmməd Arifi qoruya bildi. Yəni nənəm olmasaydı, babamın həyatı təhlükə altında olardı. Müharibə illərində babamın bütün sənədləri oğurlanır, partiya bileti də onların içində. O dövrdə partiya biletini itirməyin böyük fəsadları ola bilərdi. Nənəm bir an özünü itirmədən bazarda möhtəkirlik edən adamları taparaq pul müqabilində babamın sənədlərini tapdıra bilmişdi. Zümrüd xanım cəsarəti, qətiyyəti, dürüstlüyü, mərdliyi ilə fərqlənirdi. O, körpə vaxtında anasını itirmişdi deyə, görünür, çox erkən yaşından müstəqil qərar qəbul etmək məcburiyyəti, çiyinlərinə düşən vaxtsız məsuliyyət onun xasiyyətinə təsir etmişdi.
Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin banilərindən biri, akademik Məmməd Arif Dadaşzadənin nəvəsi, Əməkdar elm xadimi, alim, tənqidçi, tərcüməçi Araz Dadaşzadənin qızı, musiqişünas, musiqi tənqidçisi, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə ilə geniş söhbəti “525-ci qəzet”in sabahkı şənbə sayında oxuya bilərsiniz.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.