AZ

“Bilirdik ki, azarkeşlər bizi söyəcək, özümüzdən çıxaracaq” – “Araz Naxçıvan”ın kapitanı

“Araz Naxçıvan”ın kapitanı Urfan Abbasov İdmanxeber.az saytına müsahibə verib.

Təcrübəli futbolçu “Aris” oyunlarından və qarşıdakı “Omoniya” görüşlərindən danışıb. O, növbəti mövsüm komandanın Premyer Liqadakı hədəflərindən də söz açıb.

– “Aris”lə görüşləri necə şərh edirsən? Səncə mərhələni keçməkdə hansı vacib məqamlar rol oynadı?

Hər iki oyunun ağır keçəcəyi bəlli idi. Çünki rəqibin gücünün fərqində idik. Bakıda da onlara qarşı layiqli müabrizə apardıq. Səfərdə isə fərqli oyun olacağını düşünürdük. Çünki onlar azarkeşləri önündə yaxşı oyun göstərmək istəyirdilər. Birinci hissə əla oyun nümayiş etdirdik. İki qol vura bildik. Ancaq ikinci yarıda komanda azlıqda qaldı. Buna rəğmən, məğlub olmadıq və mərhələni keçdik. Sevinirik. Mərhələni keçməkdə əsas məqam kollektiv şəkildə oynamağımız idi. Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Ən əsası komandada mehriban kollektiv var. Hamı bir-birinə görə can qoyur. Buna görə də mərhələni keçən tərəf biz olduq. 

– “Aris” “Araz Naxçıvan”la müqayisədə çox böyük büdcəli komandadır. Demək olarmı ki, futbolda hər şeyi pulun həll etmədiyini göstərdiniz..

Futbolda pul çox önəmlidir. Ancaq çox klub görmüşük ki, kifayət qədər dəyərli, səviyyəli futbolçular var, amma komanda şəklində oynaya bilmir. Baxırsan ki, nəsə çatmır. Sanki kolektivdə mehribançılıq, əzmkarlıq yoxdur. Çox şükür ki, bizdə belə prooblemlər olmur. Ümumiyyətlə, Elmar Baxşıyevin komandasında belə hallar yaşanmır. Həmişə bütün oyunçular bir-biri üçün mübarizə aparır.

– Səfərdəki oyunun ardından sanki bir az dava-dalaş olub. Ümumiyyətlə, futbolçuların azarkeşlərin sizə qarşı münasibəti necə idi?

Əslində hamısına hazırlaşmışdıq. Bilirdik ki, azarkeşlər bizi söyəcək, özümüzdən çıxaracaq. Amma biz təmkinli olduq. Rəqib mərhələni keçə bilmədi. Buna görə də əsəbi idilər. Məncə, normal haldır. Uduzan bütün komandalarda belə şeylər olur. Amma xüsusi vurğulanacaq ciddi bir hadisə baş vermədi.

– Qarşıda “Omoniya” səddi var. Onlar da çətin komandadır. Nə düşünürsən bu oyunlar barədə? Missiyanız bitib, yoxsa davamı olacaq?

Onlar da tanıdığımız, bildiyimiz rəqibdir. Oyunlarını izləmişik. Bu matça da ciddi hazırlaşacağıq. Təəssüf ki, itkilərimiz var. Müdafiədə İqor Ribeyro, Bəxtiyar Həsənalızadə və Ba-Muaka Simakala kimi oyunçular meydana çıxa bilməyəcək. Amma yenə də yaxşı mübarizə aparacağıq. Bu mərhələni də keçmək istəyirik. 

Son günlərdə komandalarımızın avrokubok onunlarında yerli futbolçuların sayının azlığı müzakirə olunur. Bu barədə nə deyə bilərsən?

Açığı, kimin az və ya çox oynaması məşqçilərin seçimi olur. Qarşıda hələ oyunlar var. Məncə, hamıya şans yaranar. Bu barədə çox danışmaq istəmirəm.

– Növbəti mövsüm “Araz Naxçıvan”ın Premyer Liqada çempionluq mübarizəsi aparacağını demək olar?

Çətin olacaq. Bilirik ki, “Neftçi” də güclənir. “Qarabağ” isə həmişə iddialıdır. Amma biz də mübarizə aparacağıq. Düzdür, qarşımıza çempionluq hədəfi qoyulmayıb. Bizə belə bir söz deyilməyib. Ancaq iddialı olacağıq. Yuxarı pillələr üçün yarışacağıq. 

Həsən Quluzadə

Seçilən
43
1
idmanxeber.az

2Mənbələr