AZ

Məhərrəm Sultanzadə: Dünya çempionatı üçün heyət barədə danışmaq hələ tezdir

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

"Tokioda keçiriləcək dünya çempionatı üçün Azərbaycan komandasının heyəti barədə hələ nəsə demək tezdir, çünki seçmə mərhələ avqustun 25-dək davam edir".

Bu barədə İdman.biz-ə Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə bildirib.

O vurğulayıb ki, marafon və idman yerişində ilin əsas yarışına seçmələr başa çatsa da, digər növlərdə isə seçim ayın sonunadək davam edəcək: "Bu il Səudiyyə Ərəbistanında İslam Həmrəyliyi Oyunları keçiriləcək, buna görə də idmançılarımızın çoxu məhz həmin yarışa hazırlaşmağa üstünlük verir. Orada finala çıxmaq və medal uğrunda mübarizə aparmaq şansı daha çoxdur. Dünya çempionatında isə bu hələ mümkün deyil, amma düşünürəm ki, yaxın vaxtlarda vəziyyət dəyişəcək".

Dünya çempionatında iştirak üçün namizədlərdən danışarkən o, üçtəkanla tullanma üzrə Yekaterina Sarıyeva, eyni növdə Rüstəm Məmmədov və çəkicatan Anna Skidanı xüsusi vurğulayıb: "Amma Anna Skidan analıq məzuniyyətindədir, ana olmağa hazırlaşır. Buna görə Tokiodakı yarışda iştirak etməsi, çox güman ki, mümkün olmayacaq. Qısa müddətdə tam hazırlaşmaq və yaxşı çıxış etmək çox çətindir".

Rüstəm Məmmədov isə İslam Həmrəyliyi Oyunlarına hazırlaşır: "Onun məşqçisi hesab edir ki, dünya çempionatını buraxmaq və diqqəti İslamiyadaya yönəltmək daha məqsədəuyğundur. Çünki İslam Həmrəyliyi Oyunları noyabrda keçiriləcək, dünya çempionatı isə sentyabrın ikinci yarısında. Bu isə Tokiodan sonra Səudiyyə Ərəbistanına hazırlıq üçün çox az vaxt deməkdir. Buna görə bir çox idmançılar məhz İslamiadaya üstünlük verir".

O həmçinin qeyd edib ki, dünya çempionatı üçüm yekun heyət avqustun 25-dən sonra müəyyənləşəcək: "Normativləri yerinə yetirməklə yanaşı, dünya reytinqi də nəzərə alınacaq. Baxacağıq, kim reytinqlə Tokioya düşə biləcək. Məsələn, Mariborda komandalararası Avropa çempionatında 100 və 200 metr məsafədə birinci olan sprinter Əlhəm Nağıyev üzə çıxıb. O, yaxınlarda Yunanıstanda keçirilən Balkan çempionatında da 200 metr məsafədə qalib gələrək şəxsi rekordunu – 20,70 saniyə – yeniləyib. Bu, çox ciddi nəticələrdir və Nağıyev dünya çempionatına "wild card" ilə düşə bilər. Baxacağıq, necə olacaq".

Sonda o, Azərbaycan yığmasının Qusman Kosanovun xatirəsinə həsr olunmuş turnir üçün Almatıya yola düşdüyünü qeyd edib. Bu turnir kontinental tur statusuna malikdir və idmançılar burada da dünya çempionatına seçmə normativlərini yerinə yetirə bilərlər.

Zəki Feyzullayev

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
29
icma.az

10Mənbələr