AZ

Rusiya KİV-i Azərbaycana qarşı psixoloji müharibə aparır -

“TASS” agentliyinin Xankəndini “Stepanakert” kimi təqdim etməsi, sonra isə bunu “Dağlıq Qarabağ”la əvəzləməsi heç də təəccüblü deyil. Çünki bu davranışlar hazırda Azərbaycanla Rusiya arasında gərginləşmiş siyasi münasibətlərin ifadəsidir. Rusiya KİV-in Azərbaycana qarşı apardığı soyuq, psixoloji müharibədir və ən dəqiq ifadə ilə informasiya müharibəsidir”. Bunu Metbuat.az-a açıqlamasında tele-tənqidçi, professor Qulu Məhərrəmli “TASS” informasiya agentliyi tərəfindən Xankəndi şəhərinin “Stepanakert” adlandırılması ilə bağlı danışarkən bildirib. Onun sözlərinə görə, Rusiya hakim dairələri heç vaxt Azərbaycana Qarabağ kontekstində səmimi yanaşmayıblar: “Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deyirdilər, digər tərəfdən isə “Artsax” ensiklopediyası buraxır, Lazarev Klubu yaradırdılar. Erməni millətçiliyini qızışdırmaq üçün ciddi addımlar atırlar və hesab edirəm ki, indiki davranışlar da bu siyasətin davamıdır”. Q.Məhərrəmli qeyd edib ki, əgər “TASS” bu cür təxribatlarla məşğul olmağa davam edərsə, gələcəkdə onun Azərbaycandakı fəaliyyətini dayandırmaq, qadağan etmək və ya məhdudlaşdırmaq lazımdır: “Eyni zamanda Azərbaycana qarşı informasiya müharibəsi aparan Rusiya televiziyalarının və saytlarının fəaliyyəti də məhdudlaşdırılmalıdır. Çünki dövlətlər bir-birinin ərazi bütövlüyünə və müstəqilliyinə hörmət etməlidirlər. Əgər Rusiya bu prinsiplərə əməl etmirsə, Azərbaycan da eyni davranışı təkrarlamalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
22
metbuat.az

1Mənbələr