Çinin Haynan adası dünya turizminin mərkəzinə çevrilməkdədir. 2025-ci ilin birinci yarısının nəticələrinə görə, Haynan tropik ada əyalətinin birləşmiş yerli və xarici turist axını 55,21 milyon dəfə təşkil edib ki, bu da bir il əvvəlkindən 8,1 faiz çoxdur.
Hafta.az-ın yazdığına görə, yanvar-iyun aylarında çinli və xarici turistlər Haynanda ümumilikdə 118,927 milyard yuan xərcləyiblər. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artım deməkdir.
Tropik Sanya şəhərinin turizm sektoruna gəlincə, yerli hakimiyyət orqanlarının məlumatına görə, bu ilin yanvar-iyun aylarında onun ümumi turist axını illik müqayisədə 6,13 faiz artaraq təxminən 19,27 milyon nəfər təşkil edib.
Haykou əsas sərhəd-keçid məntəqəsindəki Fenqhuanq sərhəd-keçid məntəqəsinin məlumatına əsasən, 2025-ci ilin birinci yarısında Sanyaya gələn və gedən turist axınındakı rusiyalı turistlərin payı 236 min nəfərdən çox olub ki, bu da illik müqayisədə 3 dəfəyədək çoxdur.
Sanyadakı turizm agentliklərindən birinin nümayəndəsi Hu Jiangxia, şirkətinin həftəlik turist axınının təxminən 19 min nəfər olduğunu söyləyib. Qonaqlar Haynana Rusiya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən uçurlar.
"Onlar xüsusilə qumlu çimərlikləri, dənizi, mavi səmanı və ağ buludları sevirlər. Haynan onlar üçün çox cəlbedicidir", - o vurğulayıb.
Hesab edilir ki, Haynanda turizm bumu əsasən vizasız siyasətin davamlı optimallaşdırılması ilə bağlıdır. Hazırda Çin 47 ölkə, o cümlədən Azərbaycan üçün birtərəfli vizasız rejim, eləcə də 55 ölkənin vətəndaşları üçün 240 saatlıq vizasız tranzit tətbiq edib.
Haynan rəsmisi bildirib ki, ilin birinci yarısında əyalət turizm bazarının təsirli göstəricisi əlverişli siyasət, turizm məhsullarında yeniliklər və xidmət keyfiyyətinin yüksəldilməsinin nəticəsidir.
"Növbəti mərhələdə Haynan bütün dünyadan gələn turistlərə daha yaxşı, daha çeşidli və cəlbedici turizm seçimləri təqdim etməyə çalışacaq", - o, sözünü yekunlaşdırıb.