AZ

Türkiyə ordusu Zəngəzura girir? –  Rusiya "oyundankənar" vəziyyətdə qaldı

Ermənistan rəsmən Zəngəzur dəhlizinə nəzarətin üçüncü ölkəyə veriləcəyini bəyan edib. Ermənistan mətbuatında Zəngəzura nəzarətin Türkiyə ilə yanaşı ABŞ-a veriləcəyi barədə də iddialar var.  Əgər nəzarət Türkiyəyə verilərsə, bu, regionda güc balansını necə dəyişə bilər? Rusiyanın Cənubi Qafqazda təsiri zəiflədiyi bir vaxtda bu nəzarət bölgüsünə Moskvanın reaksiyası necə ola bilər?
 
Bu barədə Moderator.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, bir il öncə həm televiziyada çıxışlarımda, həm də mətbuatda, saytlarda qeyd etmişdi ki, bu dəhliz gec-tez təhlükəsizlik baxımından Türkiyəyə veriləcək:
“Bu dəhliz Türk Dövlətləri Birliyi üçün, eləcə də Cənubi Qafqaz dövlətləri və Orta Asiya respublikaları üçün çox önəmli xarakter daşıyır. Buna görə də bu dəhlizin nəzarəti, yəni həm təhlükəsizlik, həm də ümumi nəzarəti elə bir dövlətə verilməlidir ki, Rusiyanın həmin dövlətlərə təsir imkanları məhdud olsun. Bu dövlətlər isə ABŞ və Türkiyədir.
ABŞ-ın Türkiyədəki səfiri və bölgə üzrə nümayəndəsi – Trampa yaxın şəxslərdən biri – bu məsələ ilə bağlı çıxışında da bildirib ki, dəhlizin nəzarəti birmənalı şəkildə ABŞ şirkətlərindən birinə veriləcək. Təhlükəsizlik baxımından nəzarət NATO qüvvələri, yəni Türkiyə tərəfindən həyata keçiriləcək.
Digər tərəfdən, bildiyiniz kimi, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr razılaşmasının 9-cu bəndinə əsasən, həmin dəhlizə nəzarət Rusiyaya verilməli idi. Lakin Ermənistan artıq Rusiyanın bu və ya digər dövlətlərə təsirindən ehtiyat edərək, dəhlizi  Rusiyaya verməyəcək”.
 
Politoloq vurğulayıb ki, bu cür hallar həm Gürcüstanın, həm də Ermənistanın başına gəlib və Rusiya müxtəlif dövlətlərə təsir imkanlarını adətən yollar və dəhlizlər vasitəsilə həyata keçirir. Ona görə də bu dəhlizin taleyi bu gün həll olunur və bu nəzarət müsbət olaraq ABŞ və Türkiyəyə veriləcək:
“Rusiyanın bu dəhlizi ələ keçirmək maraqları böyükdür. Çünki bu dəhlizi nəzarətə götürməklə Rusiya həm Cənubi Qafqaz, həm də Orta Asiya respublikalarına, eləcə də Türkiyəyə təsir imkanlarını genişləndirə bilər. Bu kontekstdə ötən illərdə Moskvada keçirilən tədbirlərin birində  oliqarx və erməni diasporasının fəal üzvlərindən biri, "Tashir" şirkətinin rəhbəri Samvel Karapetyan bəyan etmişdi ki, bu dəhlizin açılmasına imkan verilməyəcək.
Bu gün Ermənistanda yalnız hakimiyyət uğrunda mübarizə deyil, həm də dəhliz uğrunda mübarizə gedir. Samvel Karapetyanın Ermənistana gəlişi və Paşinyan hakimiyyətini devirmək istəyi də, əlbəttə ki, birbaşa bu dəhlizlə əlaqədardır. Ona görə də bizim ehtimallarımız doğruldu – yəni bu dəhlizin istifadəsi ABŞ şirkətlərinə, təhlükəsizlik məsələsi isə Türkiyənin hərbi qüvvələrinə veriləcəkdir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
29
3
moderator.az

4Mənbələr