Sabahdan Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçərək Suriyaya ixracına başlanılacaq.
Modern.az-ın məlumatına görə, Türkiyənin Kilis şəhərində rəsmi tədbirlə ixrac prosesi başlaycaq.
“TRT Haber” telekanalının məlumatına görə, Azərbaycandan təbii qazın tədarükü sayəsində Suriya əhalisi sutkada on saat elektrik enerjisi ilə təmin olunacaq, halbuki bu gün suriyalıların evləri gündə cəmi 3-4 saat işıqlandırılır.
Telekanal xatırladır ki, uzunmüddətli silahlı münaqişə zamanı Türkiyə ilə Suriya arasında zədələnmiş qaz kəməri mayın sonunda bərpa edilib və bu, qonşu ölkəyə ildə 2 milyard kubmetrə qədər qaz nəql etməyə imkan verir.
“Azərbaycan qazının tədarükü Hələb əyalətindəki elektrik stansiyasına 1200 meqavata qədər elektrik enerjisi istehsal etməyə imkan verəcək ki, bu da Suriyada elektrik enerjisi istehsalını iki dəfə artıracaq”, -deyə telekanal diqqətə çatdırır.
Xatırladaq ki, bu ilin iyul ayında Suriya Prezidenti Əhməd Əl Şaraa Azərbaycana rəsmi səfər edib. Bundan əvvəl isə Antalya Diplomatiya Forumu çərçivəsində Prezident İlham Əliyevlə görüş keçirilib. Görüşlər zamanı Azərbaycan tərəfi Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına və bərpa-quruculuq proseslərinə töhfə verməyə hazır olduğunu bəyan edib.
Prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Xarici İşlər Nazirliyinin nümayəndələri Suriyada səfərdə olub, ölkənin iqtisadi dirçəlişinə Azərbaycanın göstərə biləcəyi dəstək imkanları müzakirə edilib.