AZ

İstilər beyni “yandırır” - Doğulmamış körpələrə də təsir edir

İqlim dəyişikliyi ilə artan isti hava dalğaları təkcə ətraf mühiti deyil, insan beynini də təhdid edir. Epilepsiya və demens kimi nevroloji xəstəlikləri tətikləyən bu ekstremal istilər, beyin funksiyalarını ciddi şəkildə çətinləşdirir.

Sherg.az xəbər verir ki, İngiltərədə yaşayan 5 aylıq Jake, ilk tonik-klonik tutmasını keçirdikdən sonra isti günlərdə daha ağır simptomlarla üzləşməyə başlayıb. 18 aylığında ona nadir genetik epilepsiya növü olan Dravet sindromu diaqnozu qoyulub. Bu sindrom yalnız tutmalarla deyil, həm də autizm, diqqət pozğunluğu, nitq və hərəkət problemləri, yuxu pozğunluğu kimi əlamətlərlə müşayiət olunur. Xüsusilə də yüksək temperatur və ya qəfil istilik dəyişmələri tutmaları asanlıqla tətikləyə bilir.

Jakenin anası Stephanie Smith deyir:

“Hər yay istilərlə birlikdə çətin mübarizə başlayır. Artan istilər bu dağıdıcı xəstəliklə yaşamağı daha da ağırlaşdırır.”

“University College London”dan epilepsiya üzrə mütəxəssis Prof. Dr. Sanjay Sisodiya bildirir ki, Dravet sindromu bu problemin yalnız görünən hissəsidir. Onun sözlərinə görə, isti hava dalğaları epilepsiya, insult, ensefalit, miqren, MS və digər bir çox nevroloji xəstəliklərin gedişini pisləşdirir.

2003-cü ildə Avropada baş vermiş isti hava dalğası zamanı qeydə alınan artım ölümlərinin təxminən 7 faizi birbaşa nevroloji pozuntularla əlaqələndirilmişdi.

Beyin hüceyrələri temperatur dəyişikliyinə son dərəcə həssasdır. İnsan orqanizmi beynin həddən artıq qızmasının qarşısını almaq üçün daima qan dövranı vasitəsilə artıq istiliyi bədəndən uzaqlaşdırmağa çalışır. Əgər bu proses uğursuz olarsa, beyin hüceyrələri arasında mesaj daşıyan molekulların fəaliyyəti pozula bilər.

İstilik dalğaları yalnız xəstələrə deyil, sağlam insanlara da təsir edir: Qərarvermə mexanizmləri zəifləyir, insanlar daha aqressiv və ya depressiv ola bilirlər.

Yüksək temperatur dalğaları zamanı Altsheymer və digər demens növlərindən əziyyət çəkən yaşlı şəxslərdə xəstəxanaya müraciət və ölüm hallarında artım müşahidə olunur. Bu insanlar bədən temperaturlarını tənzimləməkdə çətinlik çəkirlər və istiliyə adaptasiya qabiliyyətləri zəif ola bilər.

Bundan əlavə, iqlim dəyişikliyi yalnız mövcud nəsillərə deyil, doğulmamış körpələrə də təsir edir. Aparılan araşdırmalar göstərir ki, həddindən artıq istilər erkən doğum riskini 26 faiz artırır və bu da nörogelişim pozğunluqlarına zəmin yarada bilər.

İqlim dəyişikliyi artıq təkcə ekoloji böhran deyil, ictimai sağlamlıq böhranı kimi də qiymətləndirilir. Beyin sağlamlığını qorumaq üçün həm fərdi, həm də qlobal tədbirlər qaçılmazdır.


Seçilən
6
1
sherg.az

2Mənbələr