AZ

Salvador parlamenti konstitusiyaya düzəlişlər paketini təsdiqləyib

 Salvador Milli Assambleyası (parlament) prezidentlik müddətinin 5 ildən 6 ilə qədər artırılmasını nəzərdə tutan, həmçinin dövlət başçısı üçün qeyri-məhdud sayda təkrar seçkilərə yol açan konstitusiyaya düzəlişlər paketini təsdiqləyib.

İslahat hazırkı prezident Nayib Bukelenin rəhbərlik etdiyi və parlamentdə sabit çoxluğa sahib olan hakim “Yeni Fikirlər” Partiyasının dəstəyi ilə səs çoxluğu ilə qəbul edilib. Dəyişikliklərin lehinə 57 deputat, əleyhinə isə 3 deputat səs verib.

Dəyişikliklərin təşəbbüskarı “Yeni Fikirlər” Partiyasından deputat Ana Figeroa olub. Düzəlişlər konstitusiyanın beş maddəsinə dəyişiklikləri nəzərdə tutur. Digər məsələlərlə yanaşı, onlar prezident seçkilərinin ikinci turunun ləğvini nəzərdə tutur ki, bu da dövlət başçısının seçilməsi prosedurunu xeyli sadələşdirir.

Prezidentin qeyri-məhdud təkrar seçilməsi ehtimalı müxalifətin kəskin reaksiyasına səbəb olub. Milli Assambleyanın sessiyasında çıxış edən müxalif “Milli Respublikaçılar Alyansı” (ARENA) Partiyasının nümayəndəsi Marsela Villatoro " Salvadorda demokratiya ölüb" deyib.

Onun sözlərinə görə, bu cür təcrübələr hakimiyyətin həddindən artıq cəmləşməsinə, korrupsiyanın və qohumbazlığın artmasına gətirib çıxarır və demokratik qanunun aliliyinin əsaslarını sarsıdır. "Limitsiz təkrar seçkilər hakimiyyətin bir şəxsin əlində cəmləşməsinə aparan yoldur. Bu, sui-istifadələrə gətirib çıxarır, vətəndaşların siyasi iştirakını zəiflədir və demokratiyanı məhv edir", - Villatoro qeyd edib.

Parlamentin sədr müavini Susi Kalyexas islahatın müdafiəsi üçün çıxış edib. Onun sözlərinə görə, düzəlişlər xalqın iradəsini əks etdirir və onlara hakimiyyət məsələlərində qərar vermək hüququnu qaytarır. "Hakimiyyət əsl sahibinə - Salvador xalqına qaytarıldı" deyə Kalyexas bildirib.

Deputat Ana Figeroa bildirib ki, konstitusiya dəyişiklikləri bütün seçkili vəzifələr üçün bərabərliyin təmin edilməsinə yönəlib. "Yenidən seçilmək hüququ artıq bələdiyyə sədrlərinə və xalq tərəfindən seçilən deputatlara verilib. Bu hüquqa malik olmayan yeganə vəzifə prezidentlik idi. Dəyişikliklər bu bərabərsizliyi aradan qaldırır və prezident institutunu eyni demokratik legitimliyə qaytarır".

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
12
azerbaijan-news.az

1Mənbələr