AZ

MEDİA rəhbəri Prezident İlham Əliyevə təşəkkür edib

Azərbaycan mətbuatı Zati-Aliləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı dövlət qayğısı, sistemli islahatlar və hüquqi-institusional mexanizmlərin təkmilləşdirilməsi nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub, müasir informasiya mühitinə sürətlə inteqrasiya olunub.

Operativ Media xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun Prezident İlham Əliyevə ünvanladığı təşəkkür məktubunda yer alıb.

Ə.İsmayılov bildirib ki, milli mətbuatın 150 illik yubileyinin dövlət səviyyəsində yüksək şəkildə qeyd olunması və media nümayəndələrinin fəaliyyətinin qiymətləndirilməsi dövlətin media sahəsinə verdiyi dəyərin bariz nümunəsidir.

O, həmçinin "Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusunda keçirilən 3-cü Şuşa Qlobal Media Forumuna göstərilən dəstəyə görə Prezidentə təşəkkür edib:

“Forumun yüksək səviyyədə təşkili, Zati-Alilərinizin Forum iştirakçıları ilə keçirdiyi səmimi və dərin məzmunlu görüş, çıxışınızda səsləndirdiyiniz müdrik fikirlər beynəlxalq media ictimaiyyəti tərəfindən böyük maraq və rəğbətlə qarşılandı”.

Məktubda vurğulanıb ki, Prezidentin təşəbbüsü və siyasi iradəsi ilə həyata keçirilən beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, regionda sülh, əməkdaşlıq və informasiya mübadiləsinin inkişafına mühüm töhfə verir.

Əhməd İsmayılov, həmçinin, Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülməsini yüksək etimad və böyük şərəf kimi dəyərləndirərək dərin təşəkkürünü bildirib. O, Azərbaycan mediasının inkişafı istiqamətində əzmlə çalışacağını və göstərilən etimadı daim doğruldacağını qeyd edib.

Sonda o, Prezident İlham Əliyevə möhkəm cansağlığı, ali dövləti fəaliyyətində davamlı uğurlar və Azərbaycan Respublikasının inkişafı naminə həyata keçirdiyi missiyada sonsuz nailiyyətlər arzulayıb.

Seçilən
4
operativmedia.az

1Mənbələr