AZ

Gürcüstanın təhsil naziri Azərbaycan səfiri ilə birgə layihələri müzakirə etdi

TBİLİSİ, 1 avqust. TELEQRAF

Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze Azərbaycanın səfiri Faiq Quliyevi qəbul edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyindən bildirilib.

Görüşdə təhsil, elm və gənclər sahəsində Gürcüstan-Azərbaycan əməkdaşlığının dərinləşdirilməsi yolları, həmçinin birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.

Söhbət zamanı iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. G.Mikanadze bu yaxınlarda Azərbaycana baş tutmuş rəsmi səfərini bu tərəfdaşlığın daha bir bariz nümunəsi olduğunu qeyd edib.

Tərəflər Gürcüstan və Azərbaycanın təhsil nazirliklərinin nümayəndələrini birləşdirəcək işçi qrupunun yenidən yaradılmasının vacibliyini müzakirə ediblər. Bildirilib ki, bu ilin avqust ayından etibarən qrup bir sıra məsələlər, o cümlədən Gürcüstanın etnik azərbaycanlı vətəndaşlarının ölkə cəmiyyətinə tam inteqrasiyası istiqamətində atılacaq addımlar üzərində fəal şəkildə işə başlayacaq.

Müzakirələr zamanı gənclər arasında əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirilən və planlaşdırılan təşəbbüslərə də xüsusi diqqət ayırılıb. Azərbaycanda gürcü və azərbaycanlı tələbələrin iştirakı ilə keçirilmiş “Gənclər Həftəsi”nə toxunulub. Nazirin sözlərinə görə, bu dəfə Gürcüstan gəncləri Anaklia düşərgəsində qəbul edəcək.

F.Quliyev öz növbəsində səmərəli əməkdaşlığa görə nazirə təşəkkür edib və təhsil, elm və gənclər sahələrini əhatə edən birgə layihələrini həyata keçirilməsinə tam hazır olduğunu təsdiqləyib.

Seçilən
55
teleqraf.com

1Mənbələr