AZ

Rusiyanın isterik davranışları - Replika

Rusiya qımırından, acığından ilan kimi qıvrılır. Elə hey, Azərbaycan əleyhinə addımlar atsa da, qışqırıb bağırsa da, arzusu ürəyində qalır. Özünü isterik göstərməkdən, zavallı duruma düşüb biabır etməkdən başqa heç nə əldə edə bilmir.

Ümumiyyətlə, böyük adamların, adlı-sanlı insanların özünü rəzil duruma salmasına oxşayır. Hörmətin, izzətin ola, qüdrətli olasan, amma adam ola bilməyəsən. Bax bu cür cılızlara bənzəyir. O boyda coğrafiyanı əhatə edən Rusiya guya TASS-da “Stepanakert” yazdırtmaqla nəyəsə nail olmaq istəyir. A kişi, o boyda Kremldə oturan “bazburudlu strateji”lərin gördüyü işə baxın: “Gör indi qaqan nağaracağ” səviyyəsində... Bikar olanda “kimə sataşaq?”, “kimə ataq, qabağa düşək?” kimi yumşaq desək, səviyyəsiz, yox, çox səviyyəsiz həyat tərzini özünə prioritet seçmiş ağzıqara gədələrtək davranır. Yeri gəlmişkən, səhvlərini düzəldiblər.

Guya beynəlxalq hüququ saymadığını göstərir, Xankəndinin adını səhv yazır, halbuki özləri Qarabağın mərkəzinda reportaj hazırlayıb birinci kanallarında təqdim etmişdilər. Məhz elə “Xankəndi” sözünü də tez-tez işlədirdilər. Nə oldu? Yox e, noooldu? Nə qədər özünü kiçiltmək fikrindədir oranın “başbilənlər”i? Hətta agentlik də öz xəbərlərində şəhərin rəsmi və tarixi adından – Xankəndidən istifadə edirdi. Axı özünü inkar edir siyasətbazlar! Nə qədər özlərinə hörmət qoymayacaqlar oxşar hərəkətləri ilə!? “Velikiy Rasiyyaaaa”, vallah, belə böyüklük olmur e? Cırtqozluq olur! Əlindən heç nə gəlməyib “Narahat olma, bussaat həll eliyəjəm” obrazında hansısa avantürist “ideoloqlar” hoppanıb-düşməklə nəyəsə nail olmaq istəyirlər. Bir ölkənin öz nüfuzunu qoruma üsulu onun daxili siyasi mədəniyyətini və xarici siyasət etikasını əks etdirir.

Özbaşına keçici fürsətdən yararlanıb Qarabağda heykəl quraşdıranda, bunun söküləcəyini də gözə almalıydınız. Sülhməramlı necə olur ki, gələcək üçün sülhə zərər verəcək addımlar atır?! Sənin işin münasibətləri gərginləşdirmək deyil, əksinə, səhmana salmaqdır. 

“Ayağımız hara dəyirsə, ora Rusiyadır” deyimi... Getdiniz işinizin arxasınca! Görünür, Rusiya cılız hərəkət etdiyini anlaması üçün qanunsuz abidənin haqlı olaraq söküldüyünü görməliydi. Hələ çox qıvrılacaq, hələ çox əlini masaya, divara vurub bağıracaq isterik “başbilənləri” Kremlin! Azərbaycan dövləti artıq sübut edib ki, xarici təzyiqlər və manipulyasiyalar qarşısında geri çəkilməyəcək qədər müstəqildir və siyasi iradəyə malikdir.

Xoşları gəlir barmaq silkələsinlər, amma dəfələrlə o barmağı qatlayıb ciblərinə qoydurmağı da bacarmışıq, çox şükür! Tarixin arxivlərinə qarışan hegemonluq illəri ilə yaşamaq sindromundan qurtulacaqlar və öyrənəcəklər, öyrədəyəyik ki, Azərbaycanla hansı dildə və hansı tonda danışmalıdırlar! Gedib su içib əsəb dərmanı atsınlar, nə bilim sakitləşdirici otlarla, yoqa kursları ilə özlərinə məlhəm olsunlar, gözlərini ovxalasınlar, o yandan bu yana yaxşı-yaxşı ayıq başla baxa bilsinlər. Əgər Rusiya qarşılıqlı hörmət və bərabər tərəfdaşlıq əsasında münasibətlər istəyirsə, bu, ultimatumlarla yox, hüquqla və ədalətlə mümkündür.

Siyasi yox, elə sadə dildə demək lazımdır ki, Cənubi Qafqaz ölkələrinin Rusiyaya münasibəti Kremlin normal, sağlam əlaqalər qura bilməməsinin sübutudur. Ancaq “qolu zorlu, başı boş” obrazlı insanlara xarakterik davranışla siyasət də olmur onsuz da... İsterik reaksiyalar, pozulmuş balansın və itirilmiş üstünlüyün etirafıdır. Bu reallığı nə qədər gizlətməyə çalışsalar da, faktlar danışır.

Samir Mirzə

523520

Seçilən
11
1
olke.az

2Mənbələr