AZ

Gündüz qeydləri Xalq yazıçısı Anar yazır

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

ANARXalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

"Gündüz qeydləri" çox illər bundan qabaq yazdığım "Gecə düşüncələri"nin davamı deyil. Janr etibariylə yaxın olsalar da, üslub cəhətdən xeyli fərqlidirlər.

Bu qeydlərimin gündüzlə bağlanmasının səbəbi var. Vaxtiylə "525-ci qəzet"də hər şənbə "Səhər-səhər" başlığıyla yazılarım çıxırdı. Başqa bir səpkidə "Axşam söhbətləri" adlı yazılar yazmaq fikrindəyəm. "Səhər-səhər", "Gündüz qeydləri", "Axşam söhbətləri", "Gecə düşüncələri"ni "Günün dörd çağı" adlı bir kitabda toplayıb nəşr etmək istərdim.

Beləliklə, "Gündüz qeydləri".

Mənim naviqatorum - İlahi qüvvədir, uzaq ulduzlardan - ömrümü yönəldir.

Allaha inanmayanlar da Allahdan qorxurlar (Bərayi ehtiyat: hər halda bəlkəm var).

Şuşa qalasının ruhunu bilmək üçün xalq mahnısının sözlərinə diqqət yetirmək yetər:

Qalada yatmış idim

Top atdılar oyanmadım

Saz ilə, söhbət ilə

Oyatdılar.

Birisi eyni fikri dönə-dönə təkrar edəndə bir ifadə yada düşür: "Təkrar - biliyin anasıdır". Kaş Bilik yetim olaydı.

 Bakının yeni binaları:

Rəng verib rəng alan, üzərində gah bayraq dalğalanan, gah bayraqdar addımlayan üç alov dilimi.

İncəbelli qız - bina. Hamilə qadın bina.

Bublik bina. Çalmalı binalar.

Tərif acı... Tərifin açısı yox, "tərifdən doymamaq" anlamında.

Süddən yanıq olanlar kimi, şöhrətdən yanıq olanlar da var.

Bəzən kopiyanı orijinaldan üstün tuturlar. Həm tabloları, həm də insanları nəzərdə tuturam.

Bəziləri haqqımda bir ağız donquldanıb əl çəkirlər. Amma illər boyu yaxamdan əl çəkməyən stajlı "anarşünas" uzun müddətli əzvaylardandır.

Haçansa o pis cəhətləri də olan yaxşı adam idi. Get-gedə bəzi yaxşı cəhətləri də olan pis adama çevrildi.

Çox vaxt bizə ən ağır yaraları ən yaxın bildiyimiz adamlar vurur.

Puşkinin xalqı nədən Qoqolun xalqıyla vuruşmalıdır?

Demokratik quruluşun "Axilles dabanı", yaxud bizimcə desək, "söyər yeri": Əgər demokratiya çoxluğun rəyidirsə, çoxluq Rusiyada olduğu kimi, çoxlu demokratiyanı istəmirsə - necə olsun?

Demokratiyanın əksi - avtoritarizm, diktatura, istibdaddır. Amma rus ideoloqları deyir ki, biz Qərb deyilik, bizim Qərbdən fərqli öz yolumuz var. Dəmir yollarının fərqli ölçüsündən başqa, bütün təfavüt nədədir? 3 prinsipdə.

Birincisi, xalq "kəlamında": Сила есть ума не надо” (Gücün var, ağıl nəyinə gərək).

İkincisi:

Şair və diplomat Tütçevin bu xalq "kəlamını" dəstəkləyən sözləri:

Умом Россию не понять

(Ağılla Rusiyanı dərk etmək olmaz).

Və bu iki əqidədən çıxan nəticə:

У Роcсию в мире толко два союзника – ее армия и флот

(Rusiyanın dünyada yalnız iki müttəfiqi var - ordusu və donanması).

Yəni vacib deyil ki, bizə hörmət etsinlər, təki bizdən qorxsunlar.

Ərizə: Xahiş edirəm məni Yazıçılar Birliyinə qəbul edəsiniz. Bir aydan sonra Birlikdən çıxmaqla məşhur olmaq istəyirəm.

Sözü bu qulağından alıb, o biri qulağından buraxır. Görünür, iki qulağı arasında boşluq var.

El gözü tərəzidir. El gözü qara eynək taxıbsa, necə? El gözü tərəzidir. Çəp göz də?

Eqomanlara: Dünya bir güzgü deyil, dünya bir pəncərədir.

Bir ömrün içində bir neçə ömür yaşamaq.

Tarix boyu düşünən insanlar azadlıq eşqiylə yaşayıblar, hətta Ölümü Əsarətdən üstun tutublar: "Azadlıq, ya ölüm".

Rus yazıçısı Aleksandr Prorxanov isə bu yaxınlarda Moskvanın Dövlət Telekanalında bəyan etdi:

"Azalıqdansa, ölüm yaxşıdır". Bu rus xalqının fikirlərini, rus xalqının əksəriyyəti bu fikri qəbul edirmi? Bilmirəm. Amma onu bilirəm ki, Puşkin Sibirə Dekabristlərə yazdığı poetik məktubda ürəyinin ən böyük arzusunu ifadə edirdi:

Темницы рухнут и свобода 

Вас встретит радостно у входа 

И братья мечь вам отдадут

Yəni Böyük şair Azadlığa ümid bəsləyirdi.

Əgər rus xalqı Proxanovların rəyincə, azadlıqdansa ölümü təcrid edən və deməli, köləliyi arzulayırsa, onda nəyə görə böyük və müqəddəs Rus ədəbiyyatı - Radişşev və Çaadayevdən - Gertsen, Tolstoy, Bostoyevski daxil olmaqla - Soljenitsin və Oleq Volkova qədər etiraz motivləriylə, qul əxlaqına barışmazlıq ruhuyla, həqiqət və ədalət uğrunda əzablarla yoğrulub?

Ağaclar: palıd, çinar - epikdirlər, sərv - romantikdir, söyüd - lirikdir, qıc olmuş əncir budaqları - dramatikdir, kaktus - ekzotikdir, piniya və palma - dekorativdir.

Belə bir fikir var ki, əsl yazıçı olmaq üçün - əlbəttə, ilk növbədə istedad lazımdır. Amma həm də gərək iztirablar, əziyyətlər və məhrumiyyətlər dolu bir həyat yolu keçəsən. Ədəbiyyat tarixində bu fikri təsdiq edən faktlar da var, inkar edən də. Elə rus ədəbiyyatını götürək. Qraf Lev Tolstoy dəbdəbəli, firavan, təmin olunmuş bir ömür sürüb. Fyodor Dostoyevski dama məhkum edilib, son anda ölüm hökmü sürgünlə əvəz edilib və sürgünün "Ölü evinin" bütün məşəqqətini yaşamış yazıçı azad olandan sonra da həyatı boyu maddi çətinliklər, ehtiyac içində yaşayıb. Amma Tolstoy da, Dostoyevski də eyni səviyyədə nəhəng yazıçılardır. Eyni fikri zadəgan İvan Bunun və plebey Maksim Qorki haqqında da demək olar.

Heç vaxt tək olmuram. Tənhalığım daima mənimlədir.

Bəzən kopiyanı orijinaldan üstün tuturlar. Bu, rəsm əsərlərindən daha çox insanlara aiddir.

Bayatılarımızda hər hansı yazıçının yaza biləcəyi bütün mövzular var. Dilimizin bütün zənginliyini və çalarlarını duymaq üçün gənc yazıçılara ilk növbətə bayatılarımızı diqqətlə oxumağı tövsiyə edərdim. Ən saf, ən dərin və ən incə Azərbaycan türkcəsi - bayatılarımızdadır.

Xışdan-kətandan gəlmə yazıçıların bəlağətli nitq icad edən ziyalılardan zənd zəhlələri gedir. Belə "qırıldadan" söz pəhləvanının sözünü kəsib: Bəs sən heç bilirsən torpaq necə şumlanır, toxum necə səpilir, sürünü necə otarırlar?

Cavabında desələr ki, "bəs sən Baxı Bethovendən ayıra bilərsən?" - başqa irad tutacaqlar: "Belə sualı ancaq qarnı tox, həyatdan uzaq snoblar verə bilər" - Əlbəttə, əgər "snob" sözünün mənasını bilsələr.

Səfehlik və sırtıqlıq yarışı keçirilsəydi, o, tək başına birinci üç yeri tutardı.

O qədər sifəti var ki, bilmirsən hansına tüpürəsən.

Bu gün də əşirət ədəbiyyatını, "sazım dınqır-dınqır" şeirini təbliğ edən mağara adamları var.

Onun günahı - uğurlarıydı. Bunu ona heç cür bağışlaya bilmirdilər.

Qarabağı boşaldandan bəri ermənilərin 110 il bundan qabaqkı 1915-ci il olaylarının vay-şüvənindən sonra təzə ağlaşma mövzusu - "itirilmiş vətən" anlayışı və aldanışı ortaya atıldı.

Qarabağ xanlığında, sonra da Azərbaycan respubikasında rifah içində firavan yaşayırdınız, nəyiniz çatmırdı? Öz əlinizdə olan partiya və sovet vilayət administrasiyası, öz dilinizdə Ali və orta məktəb, teatr, mətbuat... O halda ki, illər boyu Ermənistandan dəfələrlə qovulmuş və sonda 200 min qalmış Azərbaycan türkünün nəinki hər hansı inzibatı qurumu, ümumiyyətlə sadaladıqlarımdan heç biri yoxdu. Bir neçə kriminal, əliəyri DQMV məmuru Ermənistanda qanunsuz yolla varlanmaq imkanlarının daha artıq olacağını düşünərək (belə də oldu) "miatssum" - yəni qonşu respubilikaya qatılmaq iddiasını ortaya atdı. Bir müddət buna nail ola bildilər, varlandılar, 200 min azəri türkünü dədə-baba yurdlarından amansızcasına qovdular, işğal etdikləri torpaqlarımızı xarabazara çevirdilər. Hələ daha artıq ərazimizə tamah saldılar.

Amma xalqımızın müdrik sözü var - Artıq tamah baş yarar. İndi bəzilərinin yarılmış və sarıqlı başlarına az-çox ağıl gəlir. "Tiqran dövrünün" xumarı, "dənizdən dənizə" ölkə mifi, Şimala və Cənuba, Uzaq Qərbə və Yaxın Şərqə ümidlər puç olub gedir. Gec də olsa hamısı yox, bir qismi başa düşür ki, qonşuyla yüz ilin ədavətini sürməkdənsə, dil tapmaq, normal münasibətlər qurmaq, dinc yanaşı yaşamaq daha xeyirlidir.

"Çılpaqlar" adlı fantastik əsər süjeti.

Elə bir həb icad edirlər ki, insanlar isti soyuğu duymur. Odur ki, ekvatorda xəz şubada, Şimal qütbündə çılpaq gəzmək olur. Ümumiyyətlə çılpaqlıq dəbə çevrilib. Digər tərəfdən bu sözün ikinci mənası da var. Müəyyən cihazlarla hər bir insan başqasının beyninin içinə girə bilir, onun nə düşündüyünü, niyyətini öyrənə bilər. Odur ki, insanlar mənəvi cəhətdən də çılpaqlar kimi yaşayırlar. Bir-birlərinin fikirlərindən, niyyətlərindən agah olan insanlar riyakarlıq edə bilmir. Amma həqiqəti bilmənin də öz problemləri var. Çılpaq adamların seksual həyatı da hamıya aşkardır, gizli istəklərini də artıq gizlədə bilmirlər. Odur ki, bu şəraitdən xilas olmaq üçün bəziləri uzaq bir adaya - elmi ixtiraların, uyğarlığın ayaq basmadığı yerlərə üz tuturlar. Amma yerli adamların fikirlərini oxuyub, onların içində də yaşaya bilməyəcəklərini anlayaraq intihar edirlər.

Başqa bir fantastik süjet. Yer kürəsinin ən dərin qatında maqma deyil, nəhəng bir kompüter fəaliyyət göstərir. Yerin dibindən dünyanı o idarə edir. Zəlzələləri, selləri, sunamiləri, yanğınları, vulkan püskürmələrini o müəyyənləşdirir. Bu vasitələrlə insanların həyat tərzinə, müharibə, ya sülh meyllərinə təsir edir, inqilabların, qiyamların, çevrilişlərin ardıcıllığını tənzim edir.

Dərin dövlət dedikləri elə bu imiş.

Yazıçı arvadı olmaq çətindirmi? Əlbəttə, çətindir, amma yazıçı arvadının əri olmaq daha çətindir.

Tarix boyu bütün mədəni xalqlar, cəmiyyətlər yaşlı adamlara - ağsaqqallara, ağbirçəklərə hörmətlə yanaşıb, XXI əsrdə qocalığı qəbahət, günah sayan sırtıqları yetişdirdi. Guya özləri qocalmayacaqlar. Namuslu həyat sürmüş qerontofil olmaq hər yaşda debil olmaqdan min pay yaxşıdır.

Dekorativ yazıçılar da var, deqenerativ yazıçılar da.

Fəlsəfə üzrə cəfəngiyyat elmləri doktoru.

Fransızlar: "Qocalıq həmişəlik yorğunluqdur" deyirlər. "İşləmək, daim işləmək - yorğunluğun qənimidir". Bunu da mən deyirəm.

Ömrüm belə keçdi - bir əlimdə qələm, bir əlimdə çomaq. Qələmlə nə isə yazmaq, xalqıma xidmət etmək istədim. Çomaqla istədiyimi istədiyim kimi yazmaq haqqımı qorudum.

Gözüyumulu yaşamaq bəlkə də gözüylə öz içinə baxmaqdır.

Şöhrət düşkünləri ona heyifsilənirlər ki, özlərinin dəbdəbəli, gur izdihamlı dəfnlərini görə bilməyəcəklər.

Dərin adamlar dayaz adamları da başa düşür, dayaz adamlar dərin adamları heç vaxt başa düşə bilməyəcək.

Sənətkarları müxtəlif təsnifatlara görə sıralamaq olar: işlədiyi janrlara görə, yaşadıqları dövrlərə görə, əqidələrinə görə, Xeyrə, ya Şərə xidmət etdiklərinə görə, istedadlarının, ya istedadsızlıqlarının dərəcəsinə görə. Amma bir təsnifat da var. Özü öləndən sonra yaratdıqları da ölənlər və dünyanı tərk edəndən sonra əsərləriylə yaşayanlar.

Özünü güc-bəlayla ədəbiyyata pərçim edənlərin cəzası - başlarını qoyan kimi unudulmaqlarıdır.

Saqqallı cavanların saqqal altındakı sifətini tanımaq asan iş deyil.

Eyni yeməyi hər gün yeyəndə adamın pisini vura bilər. Eyni bəlağətli təriflər görəsən, bunlarn pisini vurmur?

Haçansa yazdığım şeirdə belə misralar vardı:

Yazıçı ömrünün iki vaxtı var:

Yaşamaq zamanı, yazmaq zamanı,

Şeir belə bitirdi:

Ömür çərçivəsi nə yaman darmış

Uzun illərin də bir sonu varmış

Yaşamaq zamanı bitmiş, qurtarmış

Çatmış yaşamaqdan yazmaq zamanı

Bəziləri bu sözlərdən bədbin nəticə çıxarırdılar, "Bu - ömrün sona yetməsinin acı etirarafıdır" - deyirdilər. Onu nəzərə almırdılar ki, əgər yaşanılmış ömür barədə yazmaq zamanı çatıbsa, deməli, həyat davam edir. Amma indi bu fikrə bir əlavə də etmək istəyirəm:

Yazıçı (əgər o, həqiqətən yazıçıdırsa) ömrünün ÜÇ VAXTI var:

Yaşamaq zamanı, Yazmaq zamanı, Dünyasını dəyişəndən sonra əsərləriylə qalmaq zamanı.

Moskvada Ali Ssenari kurslarında oxuduğum zaman müdavimlərdən birinin yazdığı əsər mübahisələrə səbəb oldu. Əsərdə müharibə zamanı partizan dəstəsi meşədə almanlardan gizlənir. Aralarında südəmər körpə var, uşaq bərkdən ağlayıb partizanların yerini almanlara bildirə bilər, uşağı öldürürlər.

Bu süjet kəskin etirazlara, o cümlədən mənim qəti narazılığıma səbəb oldu. Bir körpəni neçə insanın, həm də döyüşçü insanların məhvinə səbəb olacaq ağlamasına (və partizanların yerini faş etməsinə) görə öldürmək olarmı? Elə bir zaman kəsiyində yaşayırdıq ki, əksəriyyətimiz - Yox, olmaz - dedik. Tarixi faktları xatırladıq. Sovet ideologiyası Nikolayın bütün ailəsinin, o cümlədən kiçik yaşlı xəstə oğlunun vəhşicəsinə qətlə yetirilmələrinə onunla bəraət qazandırırdı ki, əks halda çar ailəsi, o cümlədən xəstə oğlan sovetlərə qarşı mübarizədə ağ qvardiyaçıların əlində bayrağa, rəmzə çevrilə bilərdi.

Özü də bu "məntiqli" izah elə bir ölkədə səslənirdi ki, bu məmləkətin ən böyük yazıçılarından - Fyodor Dostoyevski "cənnətə bilet bir körpənin göz yaşma dəyməz" - demişdi.

İdeyanın konkret insan taleyindən, həm də ən yaxın, ən doğma adamın taleyindən üstün olmasını müharibə dövrünün bir faktı da təsdiqləyir. Stalin almanlara əsir düşmüş oğlu Yakovun rusların əsir aldıqları feldmarşal Paulusla dəyişmək təklifini tarixə düşmüş sözlərlə cavablandırır: "Mən feldmarşalı soldata dəyişmirəm".

Bu, tarixin bəlkə də ən bəlağətli, amma həm də ən abırsız kəlamıdır.

Çar Nikolay ailəsinin acı aqibətindən yüz il qabaq belə bir dəhşətli müsibət Qarabağda baş vermişdi. Qarabağ xanı İbrahim Xəlil xan bütün ailəsiylə, nökər naibiylə, çar ordusunun mayoru Lisaneviç tərəfindən qətlə yetirilmişdi. Lisaneviç həmin o məşum şəxsdir ki, əli XIX əsrin iki görkəmli Azərbaycan hökmdarının - İbrahim xanın və Cavad xanın qanına batıb. Bu cinayətlərinə görə nəinki cəzalandırılıb, hətta daha yüksək rütbəyə ucalıb.

Maddi cəhətdən təmin olunmuş adamlar mənəvi əzablarından danışanda binəsiblər əsəbləşir, "harınlıqlarındandır" deyirlər. "Bizlər kimi min əzab-əziyyətə, kasıblığa, aclığa məhkum olsaydılar, firavanlıqlarının qədrini bilərdilər, şadlıqlarından şitlik etməzdilər".

Yaxşı, Lev Tolstoy ömür boyu firavan həyat sürüb. Sədaqətli, çoxuşaqlı ailəsi, malikanəsi, var-dövləti, kitablarından qazandığı böyük gəlir, dünya şöhrəti...

Bəs niyə, özəlliklə ömrünün son dönəmində mənəvi əzablardan qovrula-qovrula yaşadı, nəticədə ev-eşiyini, rahat həyat tərzini tərk edib uzaq bir dəmiryolu dayanacağında həyatla vidalaşdı. Dediyi son sözlər: "Həqiqət... həqiqəti həddən çox sevirdim" - oldu.

Atadan yetim qalmaq əsasən maddi problemdir, anadan yetim qalmaq əsasən mənəvi problem.

Çox qadınları sevmək olar, amma yalnız bir qadından dünyaya gəlmək olar.

Gənclikdə dostları daha çox qazanırsan, qocalıqda daha çox itirirsən. Dostların bir qismini ölüm alır, bir qismini həyat.

Boris Pasternakın bir şeirindəki "Prohayte qodı bezvremehinı" ifadəsinin azərbaycancasını heç cür tapa bilmirdim, Aşıq Abbasın sözləri dadıma çatdı:

Vaxtın yox zamanında.

Nə qədər dəqiq və günümüzə uyğun ifadədir.

Bəzən şeirin bir neçə misrasında böyük bir romanın mövzusu, ruhu, energetikası ehtiva olunur. Bir neçə örnək:

Biri qaçaq olub, mərd olub 

Biri qoçaq olub mərd olub

Biri kasıb olub mərd olub

Bəs namərdlər hardandı,

Bax bu mənə dərd olub.

(Fikrət QOCA)

Bilirsənmi, artıq kəsib

Ümid keçən yolları

Tikilməmiş türmələrin

Hörülməmiş hasarı.

(Vaqif SƏMƏDOĞLU)

Əgər bu sevginin sonu ölümsə

Mən ölərəm ikimizin yerinə.

(Nüsrət KƏSƏMƏNLİ)

Kimi basır başımızdan

Kimi dartır qıçımızdan

Ən hündürə çıxan adam

Hamımza yiyə çıxır.

(Ramiz RÖVŞƏN)

Səni məndən alan dünya

Bir də geri qaytararmı?

(Sabir RÜSTƏMXANLI)

Atamın iki misralıq şeiri var:

Dərdimi kimə deyim

Dünya dolu adamdır.

(Rəsul RZA)

Mən də ona bənzətmə yazdım:

Dərdimi kimə deyim

Dünya dolu avamdır.

"Gündüz qeydləri"nin bu bölümünü bir yay təəssüratı ilə bitirmək istəyirəm. Payıza bənzər bu ilıq yay günündə apaçıq səmaya baxırdım.

Didim-didim pambığa bənzəyən bəyaz buludlar topa-topa masmavi göy üzərində aramla üzürdülər.

Səma yer kürəsinin xəritəsini xatırladırdı. Ucsuz-bucaqsız səmada - okeanda pərən-pərən düşmüş buludlar - adalardır. Aramla hərəkət edən adalar. Haralardansa gəlib haralarasa üzürdülər. Uçurdular yox, məhz üzürdülər. Yavaş-yavaş, təmkinlə, aramla...

Yer üzündə davalar, partlayışlar, qan, ölüm... Göy üzü əbədi dincliyini saxlayırdı. Və heç bir buludun hücum edib başqa buludu özünə qataraq daha böyük olmaq niyyəti yoxdu.

(Ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
525.az

1Mənbələr