AZ

Rusiyanın istehsal sektoru iflasla üz üzə İşgüzarlıq indeksi azalıb, kreditlər isə əlçatan deyil

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İşğalçılıq müharibəsi Rusiya iqtisadiyyatına öz mənfi təsirini göstərməkdə davam edir. Bunun daha bir göstəricisi də odur ki, iyulda Rusiyanın istehsal sektoru son 3 ilə yaxın müddətdəki ən pis nəticələrini göstərib.

“AzPolitika” xəbər verir ki, “Reuters”-in təhlilinə görə, işgüzar fəallıq indeksinin durmadan enməsi Rusiya şirkətlərinin vəziyyətinin pisləşməsindən xəbər verir.

Belə ki, işgüzar fəallıq indeksi (PMI) iyunda 47,5 idisə, iyulda 47,0 bəndədək azalıb. Bu, ardıcıl ikinci ciddi eniş göstəricisidir və istehsal sektorundakı geriləmədən xəbər verir. Ümumilikdə bu göstəricinin 50-dən aşağı olması aktivliyin azalması deməkdir.

Qeyd edək ki, Rusiya şirkətlərinin özləri də vəziyyətin əhəmiyyətli dərəcədə pisləşdiyini bildirir - tələbat azalır, müştərilər maliyyə çətinlikləri ilə üzləşir, ödənişlərdə gecikmələr artır. Ona görə də həm istehsal həcmi, həm də yeni sifarişlərin sayı azalır.

Fakt budur ki, Ukraynaya qarşı müharibədən sonra iqtisadiyyatın militarizasiyasına və kütləvi hökumət sifarişlərinə baxmayaraq, Rusiya Federasiyasında sənaye istehsalının artımı səngiməyə başlayıb. Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini 18%-ə endirməklə iqtisadiyyatı stimullaşdırmağa çalışır, lakin kreditlər rekord dərəcədə baha olaraq qalır. Faiz dərəcəsini daha da endirmək isə Rusiya rublunu devalvasiya təhlükəsilə üz-üzə qoyur. Ona görə də, Mərkəzi Bank kreditləri əlçatan etməyə tələsmir, daha doğrusu, bundan qorxur.

Rusiya istehsal müəssisələrində yeni sifarişlərin sayı xüsusilə kəskin şəkildə azalıb. Bu, 2022-ci ilin martından bəri ən dərin azalmadır. İxrac sifarişləri bir qədər artsa da, şirkətlər arasında biznes etibarının ümumi səviyyəsi demək olar ki, üç il ərzində minimuma enib.

Sahibkarlar yeni investisiyalara və modernləşməyə ümid edirlər, lakin ümumi iqtisadi qeyri-sabitlik və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən bu ümidlər getdikcə daha da zəifləyir. Bunu əslində, Rusiya hökumətinin iqtisadi sektoruna rəhbərlik edən şəxslər də etiraf etməyə məcburdurlar. Lakin göründüyü kimi, Kreml təkcə yüz minlərlə, hətta milyonlarla Rusiya vətəndaşlarını deyil, ölkə iqtisadiyyatını da mənasız işğalçılıq müharibəsinə və yersiz ambisiyalarna qurban verməkdə qərarlıdır.

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
azpolitika.info

1Mənbələr