AZ

“ChatGPT” sayəsində 12 min dollarlıq borcunu sildi

ABŞ-nin Delaver ştatında yaşayan əmlak məsləhətçisi və sosial media kontent yaradıcısı Cenifer Allan, “ChatGPT”nin köməyi ilə cəmi 30 gün ərzində 12 078 dollarlıq kredit kartı borcunu ödəyib. 23 min dollara çatan ümumi borcun yarıdan çoxunu bağlayan Allan, bu müddətdə həm qənaət edib, həm də kreativ yollarla gəlir əldə edib. Onun “borc sənəti” adı ilə qarpızın üzərinə borc məbləğini yazaraq satışa çıxarması isə sosial şəbəkələrdə böyük marağa səbəb olub.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Cenifer Allan borcun bir hissəsinin ona aid olmadığını, lakin məsuliyyətin üzərində olduğunu bildirib.

 

Maddi və psixoloji çətinliklərlə üzləşən qadın çıxış yolunu süni intellektdə axtarıb. O, 30 gün boyunca hər səhər “ChatGPT”dən pul qazanmaq və qənaət etmək yolları barədə ideyalar alaraq onları tətbiq edib. Bu müddət ərzində evdəki istifadə olunmayan əşyaları satışa çıxarıb, abunəlikləri ləğv edib, əlavə xərc etmədən yeməklər hazırlayıb.


Ən çox diqqət çəkən detal isə “ChatGPT”nin tövsiyəsi ilə borc məbləğini bir qarpızın üzərinə yazaraq “borc sənəti” adı altında “eBay”də satışa çıxarması olub. Qarpızın fotoşəkili 51 dollara satılıb. Bundan əlavə, Allan “Venmo” hesabında unudulmuş 100 dollar, həyat yoldaşı isə köhnə investisiya hesabında 10.200 dollar tapıb.


Nəticədə Cenifer Allan ümumilikdə 11.000 dollarlıq əlavə gəlir əldə edib və 12.078 dollarlıq borcunu tam şəkildə ödəyib. O, artıq borclarla necə baş etməyi öyrəndiyini bildirərək, süni intellektin yalnız maliyyə deyil, psixoloji baxımdan da faydalı olduğunu deyib.


Maliyyə mütəxəssisləri isə süni intellektin şəxsi maliyyə idarəsində yardımçı ola biləcəyini qəbul etsələr də, peşəkar məsləhətçilərin yerini tuta bilməyəcəyini vurğulayıblar. Mütəxəssis Noelle Carter bildirib ki, AI güclü vasitədir, lakin insan məsləhəti ilə əvəz olunmamalıdır.


Cenifer Allanın bu təcrübəsi, borc yükü altında əziyyət çəkən minlərlə insan üçün həm real, həm də motivasiyaedici nümunəyə çevrilib.


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
11
1
sfera.az

2Mənbələr