“Millətimi sevirəm, buna görə məni ruspərəst adlandırırlar”.
O, haqqında deyilən sərt ittihamlara səssizliyini pozaraq belə cavab verib:
“O cür ittihamlar çox ciddidir. Hüquq-mühafizə orqanlarına müraciət etmişəm ki, araşdırsınlar. Görünür Rusiya-Azərbaycan məsələsi trenddir deyə götürüb verirlər. Ancaq mahiyyətinə varmırlar. Mənim kimi adamı ən qatı cinayətlərdə ittiham etməklərinə razı olaram, amma hansısa ölkəyə işləmək mənim şəxsiyyətim üçün böyük bir zərbədir. Ayıb olar. Həmişə Azərbaycan-Rusiya münasibətlərini dəstəkləyən adam olmuşam. Təhlükəli bir ölkədir. Göz qabağında təcrübələr var. Demişəm ki, hansısa ölkələrə Ukraynada, vaxtilə Gürcüstanda olan kimi öz mübarizələrinin alətinə çevirməyə imkan verməyək.
Azərbaycanlı adı gələn mövzularda çox həssasam. Soydaşlarımıza görə həmin ölkə ilə münasibətlərimizi normal saxlamağı təklif etmişəm. O qədər sayda soydaşlarımızın yaşadığı və işlədiyi ikinci bir ölkə yoxdur. 2 milyon orada yaşayırsa, bir o qədər də insan Azərbaycanda meyvə-tərəvəz yetişdirib o bazara çıxarırlar. Başqa bazarımız yoxdur. Bir alim olaraq bilirəm və deyirəm ki, 95 faiz məhsulumuz o bazarda satılır. Mən millətimi sevirəm, amma kimsə mənə ruspərəst deyirsə, şoka düşürəm.
Elə bir günahım varsa, şükür Allaha ki, dövlətimizin xüsusi xidmət orqanları var və mənim haqqımda tədbir görə bilərlər. Həmişə ictimai müzakirə obyektinə çevrilməkdən qorxmuşam. Sağ olsunlar bunu da etdilər, olan-qalan abrımız da getdi...”
Xatırladaq ki, Elşad Mirbəşiroğlu ilə bağlı bir neçə gün bundan öncə yerli mediada bəzi iddialar səsləndirib. Onun FSB ilə əlaqələri üzə çıxdıqdan sonra o, ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırıldığı haqda məlumat da həmin ittihamlarda yer alıb.