Yeni qərara əsasən, ABŞ-nin ticarət müqaviləsi olmayan ölkələrdən idxal etdiyi məhsullara qarşı sərt rüsumlar tətbiq olunacaq. Siyahıya Kanada (35%) və İsveçrə (39%) də daxildir. Tramp Kanadanı fentanil qaçaqmalçılığı ilə mübarizədə əməkdaşlıq etməməkdə ittiham edib. Lakin bildirib ki, Kanada Baş naziri Mark Karni ilə danışıqlara açıqdır.
İsveçrə də bu qərardan narahatlığını ifadə edərək, ABŞ ilə danışıqlara ümid etdiyini bildirib. Digər ölkələr üçün də müxtəlif tariflər müəyyən edilib: Hindistana 25%, Tayvana 20%, Suriyaya 41%, Laosa və Myanmara 40%, İraqa isə 35%.
Ən yüksək tarif - 50 faiz - Braziliyaya tətbiq olunub. Amma bu, aviasiya və enerji sahələrini əhatə etmir. Braziliya üzrə qərarın, keçmiş prezident Jair Bolsonaronun məhkəmə prosesi ilə bağlı olduğu ehtimal edilir.
Tramp administrasiyası Meksikaya 90 günlük möhlət verib. Bu müddətdə əlavə 30 faiz tarifdən yayınmaq üçün danışıqlar aparılacaq.