AZ

Ramiyə Məmmədova: “Xankəndi Azərbaycan torpağıdır – heç bir təxribat bu reallığı dəyişə bilməz” – ÖZƏL

"Son hadisələr üzə çıxana qədər Azərbaycanla Rusiya arasındakı münasibətlər çox müsbət bir səviyyədə idi. Bu münasibətlər düzgün istiqamətdə inkişaf edirdi və strateji tərəfdaşlığa əsaslanırdı".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, ötən il Azərbaycan təyyarəsinin vurulması ilə bağlı baş verənlər isə təbii olaraq münasibətləri ciddi şəkildə gərginləşdirdi: "Bu məsələdə Rusiyanın məsuliyyəti danılmazdır. Azərbaycan isə hər zaman açıq və ardıcıl siyasət yürüdərək tərəfdaşlıq sazişinə sadiq qaldı. Xatırlatmaq lazımdır ki, Azərbaycanla Rusiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında saziş iki ölkə arasında qarşılıqlı dəstək prinsipinə əsaslanır. Bu o deməkdir ki, üçüncü bir dövlət Azərbaycana qarşı təhdid və ya təcavüz həyata keçirərsə, Rusiya tərəfi bu məsələdə Azərbaycanın yanında olmalıdır. Baxmayaraq ki, son 30 ildə Rusiya Ermənistanı dəstəkləyərək Qarabağ bölgəsinin işğalında dolayı şəkildə iştirak edib, Azərbaycan buna rəğmən Rusiya ilə münasibətlərini qorumağa və əməkdaşlıq etməyə çalışıb. Bu, əslində Azərbaycanın siyasi yetkinliyinin və diplomatik çevikliyinin göstəricisidir. Azərbaycan Rusiya ilə yanaşı, Türkiyə ilə də yaxın tərəfdaşdır və hər iki istiqamətdə balanslaşdırılmış siyasət yürüdür. 
Təyyarə qəzasından sonra baş verənlər isə vəziyyəti daha da gərginləşdirdi. Burada söhbət təkcə təyyarənin vurulmasından deyil, eyni zamanda Prezidentin təyyarəsinin təhlükə altında qalmasından gedir. Hadisə elə bir vaxtda baş verdi ki, Prezidentin təyyarəsinin vurulması ehtimalı da gündəmə gəlmişdi. Bu, artıq sadə insident deyil, ciddi bir təhlükə siqnalı idi. Belə vəziyyətin yaranması təbii ki, Azərbaycan cəmiyyətində narahatlıq doğurmalı idi. Təəssüf ki, bu hadisədən sonra nə üzr istənildi, nə də hər hansı kompensasiya ödəndi. Prezident beynəlxalq məhkəməyə müraciət edəcəyini bildirdikdən sonra məsələ daha da aktuallaşdı. Bundan sonra isə Rusiyadakı media qurumları, bir növ ruporlar Azərbaycana qarşı müxtəlif təxribat xarakterli materiallar yaymağa başladılar. Bu, təzyiq mexanizmi kimi istifadə edilir. Lakin bu günkü Azərbaycan əvvəlki Azərbaycan deyil, ölkəmiz bu cür təzyiqlərə boyun əyməyəcək".

R. Məmmədova qeyd edib ki, dünən "TASS" agentliyinin "Xankəndi"ni "Stepanakert" adlandırması və Ayvazovskinin heykəlinin bölgədə qalması ilə bağlı yayılan məlumatlar da eyni kontekstdə başa düşülməlidir: "Həmin heykəl ermənilər tərəfindən işğal dövründə oraya yerləşdirilmişdi. Azərbaycan torpağında erməni heykəlinin qalması qəbuledilməzdir. İşğal aradan qalxdıqdan sonra Azərbaycanın tarixinə və milli kimliyinə yad olan belə abidələr orada ola bilməz. "TASS" agentliyinin Xankəndini Stepanakert adlandırması isə yalnız informasiya təxribatı kimi qiymətləndirilə bilər. Rusiya mediasının bu addımı Azərbaycana psixoloji təzyiq göstərmək cəhdi kimi dəyərləndirilməlidir. Amma Azərbaycan cəmiyyətinin buna həssaslıqla reaksiya verməsinə ehtiyac yoxdur. Əsas odur ki, bu gün Xankəndi Azərbaycan Respublikasının suveren ərazisidir, orada Azərbaycan bayrağı dalğalanır və Azərbaycan əsgəri xidmət edir. Bu, reallıqdır və heç bir təxribat bu reallığı dəyişə bilməz. Rusiya mediası və bəzi dairələrin Azərbaycana qarşı göstərdiyi bu təzyiqlər heç bir nəticə verməyəcək. Azərbaycan artıq regionun aparıcı gücüdür və hər hansı xarici yönləndirməyə boyun əyməyəcək. Prezidentin də qeyd etdiyi kimi, bu gərginlik bir müddət sonra sakitləşəcək və münasibətlər tarazlaşdırılacaq".

"Bəli, bu gün münasibətlərdə müəyyən gərginlik mövcuddur, lakin bu, tam miqyaslı qarşıdurma səviyyəsində deyil. Həm Azərbaycan, həm də Rusiya tərəfi ehtiyatlı davranır və açıq qarşıdurmadan qaçır. İki qonşu dövlət arasında müharibə ehtimalı real görünmür. Mediada və bəzi rəsmi olmayan mənbələrdə bu məsələ şişirdilərək gündəmə gətirilsə də, Azərbaycan öz mövqeyində sabit və qətiyyətli olaraq qalır. Xarici ruporlar danışa-danışa bir gün susacaq, amma Azərbaycan öz haqqını tələb etməkdə və kompensasiya məsələsində prinsipial mövqeyini davam etdirməlidir" - deyə, siyasi şərhçi əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr