Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalar və xarici gəmilərin limanlara daxil olması ilə bağlı qaydaların sərtləşdirilməsi qlobal neft bazarına dərhal öz təsirini göstərib.
Referans xəbər verir ki, nəticədə 21–27 iyul tarixlərində Rusiya neftinin daşınması üzrə fraxt tarifləri bir sıra istiqamətlər üzrə 30 faizə qədər
yüksəlib.
Bazar mənbələrinin məlumatına görə, sanksiyaların təsiri təkcə logistika xərclərinin artması ilə bitməyib. Rusiya limanlarından xam neftin
yüklənməsi də ciddi şəkildə azalıb. Belə ki, iyulun son həftəsində limanlardan neft yükləmələri fevral ayından bəri ən aşağı səviyyəyə enib.
Avropa İttifaqı yeni sanksiyalar paketi çərçivəsində Rusiya neftinə qarşı tətbiq olunan məhdudiyyətləri gücləndirib. Xüsusilə dəniz nəqliyyatı və
sığorta ilə bağlı mexanizmlər daha da sərtləşdirilib. Bunun nəticəsində xarici şirkətlər üçün Rusiya neftini daşımaq və limanlara daxil olmaq
prosesi həm hüquqi, həm də maliyyə baxımından daha riskli və bahalı hala gəlib.
Yeni sanksiyalar fonunda yaranmış qeyri-müəyyənlik və xərclərin artması bir sıra beynəlxalq neft ticarəti iştirakçılarını Rusiya nefti ilə bağlı
əməliyyatlardan çəkindirməyə başlayıb. Bunun nəticəsində nəinki yükləmə həcmləri azalıb, eyni zamanda Rusiya üçün əsas olan logistik
marşrutlar üzrə nəqliyyat tarifləri kəskin bahalaşıb.
Analitiklər bildirirlər ki, bu dinamika Rusiyanın enerji ixracatından əldə etdiyi gəlirlərə birbaşa təsir göstərə bilər. Eyni zamanda, bu vəziyyət enerji
bazarlarında yeni tarazlıqların formalaşmasına yol aça bilər.
Azərbaycan üçün imkan pəncərəsi
Müşahidəçilər qeyd edirlər ki, Rusiya neftinin daşınması və satışındakı çətinliklər Cənubi Qafqaz regionunda – xüsusilə Azərbaycan üçün alternativ
enerji tədarükçüsü kimi yeni imkanlar yarada bilər. Avropa bazarlarında etibarlı və sanksiyalardan kənar enerji tərəfdaşı axtarışı Azərbaycanın
strateji əhəmiyyətini daha da artırır.( Musavat.com )