AZ

Vətəndaş müraciət etmədiyi halda İTS özəl xəstəxanalara necə vəsait ödəyib?

BAKI, 1 avqust. TELEQRAF

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların müayinə və müalicə üçün müraciət etmədiyi halda 14 özəl tibbi müəssisəsinə vəsait ödədiyinə dair Hesablama Palatasının audit hesabatına aydınlıq gətirib.

Agentlikdən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, söhbət vətəndaşın göndəriş əldə etmədən özəl tibb müəssisəsində aldığı tibbi xidmətlərdən gedir.

Məlumata görə, bu, iki halda mümkündür.

“Birincisi, vətəndaşlar təcili və təxirəsalınmaz tibbi yardım zamanı göndəriş vərəqəsi tələbi olmadan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrində sığorta hesabına xidmət ala bilirlər. Özəl tibb müəssisəsi vətəndaşa xidmət göstərməsi barədə Agentliyə müraciət edir. Həmin tibbi xidmət Xidmətlər Zərfinə daxildirsə, Xidmətlər Zərfindəki tarifə uyğun icbari tibbi sığorta vəsaiti hesabına qarşılanır.

İkincisi, ilkin göndərişlə başlanan xidmətin davamı olan xidmətlər - məsələn, angiografiya üçün vətəndaşa göndəriş verilir, müayinə nəticəsində vətəndaşa stent yerləşdirilməsi zərurəti yaranır. Stent yerləşdirilməsi isə sistemdə “göndərişsiz xidmət” kimi qeyd olunur.

Bütün hallarda vətəndaş tibbi müəssisəsinə müraciət edib və Xidmətlər Zərfi çərçivəsində müvafiq tibbi xidməti alıb. Agentlik tərəfindən tibbi-iqtisadi ekspertiza isə Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-iqtisadi ekspertizanın aparılması Qaydası”na uyğun şəkildə aparılıb.

Yoxlamalar nəticəsində təqdim edilən müayinə və müalicələrin tibbi göstəriş əsasında olduğu təsdiqlənib və xidmətlər Xidmətlər Zərfində nəzərdə tutulan tariflərə uyğun olaraq ödənilib”, - deyə məlumatda qeyd edilib.

Seçilən
2
teleqraf.com

1Mənbələr