AZ

Maaş artdıqca, müəllimlərin sayı azalır

“MİQ üzrə vakansiya seçiminə müraicət edən namizədlərin faktiki yaşayış yerinə uyğun olaraq yerləşdirilməsinə üstünlük veriləcək”. 

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib. O, həmçinin bildirib ki, namizədlərin faktiki yaşayış yerinə uyğun olaraq yerləşdirilməsinə üstünlük verilməsi müəllimlərin işə daha tez adaptasiya olmasına, kadr dövriyyəsinin azalmasına və sosial rifahın, xüsusilə də müəllimlərin həyat və iş şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir: 

“Eyni zamanda, bu yanaşma vakansiyalardan imtina hallarının qarşısının alınmasına xidmət edir. Təhlillər göstərir ki, son 4 il ərzində faktiki yaşayış yerinin uyğun olmaması səbəbindən 1867 nəfər namizəd uğur qazandığı vakansiyadan imtina edib. 

Bu meyarın tətbiqi, xüsusilə bölgələr üzrə müəllim çatışmazlığının azaldılması, vakansiyaların daha effektiv şəkildə tutulması və müəllimlərin rifah səviyyəsinin artırılması baxımından əhəmiyyətlidir". 

Bəzi ekspertlər isə qeyd edirlər ki, bu il ali təhsil müəssisələrində bütün ixtisas qrupları üzrə pedaqoji, yəni müəllimlik ixtisaslarının sayı kəskin şəkildə azaldılıb. Hətta bir sıra universitetlərdə bəzi müəllimlik ixtisasları tamamilə ləğv olunub. Onu da qeyd edək ki, cari ildə keçirilən sertifikatlaşdırma prosesində 2 343 nəfər müvafiq balı toplaya bilməyib. 

Bütün bu proseslər ölkədə müəllim çatışmazlığına gətirib çıxara bilərmi?

Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Cümhuriyət”-ə bildirib ki, son illər təhsildə aparılan islahatlar nəticəsində daha şəffaf, obyektiv və nəticəyönümlü yanaşmalar tətbiq olunur: 

“Müəllimlərin işə qəbulu üzrə keçirilən MİQ imtahanları, sertifikatlaşdırma prosesi və müəllim hazırlığı sahəsində aparılan dəyişikliklər təhsil sisteminin keyfiyyətini artırmağa yönəlib. Lakin bu proseslərin praktiki nəticələri göstərir ki, islahatlarla yanaşı, mövcud sosial-iqtisadi və struktur problemlər də paralel şəkildə həll edilməlidir. 

Məsələn, son 4 ildə 1867 nəfər namizədin faktiki yaşayış yerinin uyğun olmaması səbəbilə uğur qazandığı vakansiyadan imtina etməsi müəllimlərin regionlara göndərilməsində daha çevik və real mexanizmlərə ehtiyac olduğunu ortaya qoyur.

Mərkəzdən idarə olunan, lakin yerli şəraitə uyğunlaşmayan təyinatlar həm müəllim namizədlərin motivasiyasını azaldır, həm də region məktəblərində real kadr çatışmazlığına gətirib çıxarır. Bu səbəbdən təyinatların daha çevik coğrafi meyarlara əsasən tənzimlənməsi və yaşayış güzəştləri ilə dəstəklənməsi vacibdir”. 

Ekspertin sözlərinə görə, digər tərəfdən, ali təhsil müəssisələrində pedaqoji ixtisasların sayının azaldılması təhsil strategiyasının keyfiyyətə yönəlməsi baxımından izah olunsa da, bəzi universitetlərdə ixtisasların tamamilə ləğvi gələcək illərdə ciddi nəticələrə yol aça bilər: 

“Onsuz da hazırda fizika, kimya, coğrafiya, texnologiya, təsviri sənət və bəzi xarici dillər üzrə müəllim çatışmazlığı var. Bu ixtisaslara qəbulun azaldılması yaxın 3–5 ildə həmin fənlər üzrə müəllim tapmaqda daha ciddi problemlər yaradacaq. Odur ki, ixtisas sayı azaldılarkən əmək bazarının real ehtiyacları və regionların təhsil tələbatı nəzərə alınmalıdır”. 

Sertifikatlaşdırma nəticələrinə gəldikdə isə ekspertin fikrincə, 2343 nəfərin keçid balını toplaya bilməməsi narahatlıq doğursa da, bu rəqəmlər təkcə müəllimlərin peşə hazırlığı ilə izah olunmamalıdır: 

“Mövcud sistemdə müəllimlərə fasiləsiz metodik və psixoloji dəstək mexanizmlərinin zəif olması, hazırlıq resurslarına bərabər çıxış imkanlarının məhdudluğu və bəzi bölgələrdə infrastruktur çətinlikləri nəticələrə birbaşa təsir edir. Dövlət bu sahədə dəstək mexanizmlərini genişləndirməklə həm keyfiyyəti artırmalı, həm də müəllimləri bu prosesə adaptasiya etməlidir. 

Bütün bu faktlar fonunda deyə bilərik ki, müəllim çatışmazlığı problemi tək bir səbəbdən qaynaqlanmır. Bu, həm ali təhsil strategiyası, həm yerləşdirmə siyasəti, həm də peşəkar inkişaf mexanizmləri ilə bağlı kompleks yanaşma tələb edən məsələdir. 

Dövlət son illərdə müəllim əməyinin stimullaşdırılması, şəffaf işə qəbul sistemi və diaqnostik dəyərləndirmə sahəsində mühüm addımlar atıb. İndi isə bu tədbirlərin davamlılığı, daha fərdiləşdirilmiş və regionlara uyğunlaşdırılmış şəkildə həyata keçirilməsi zəruridir. Əks halda, həm kəmiyyət, həm də keyfiyyət baxımından müəllim çatışmazlığı problemi daha qabarıq şəkildə ortaya çıxa bilər”. 

Seçilən
5
1
cebheinfo.az

2Mənbələr