AZ

"Microsoft" kapitalizasiyası 4 trilyon dolları keçdi: süni intellekt texnologiyaları nəhəngləri zirvəyə daşıyır

Amerikanın texnologiya nəhəngi "Microsoft" bazar kapitallaşması 4 trilyon dolları aşan ikinci şirkət oldu. Bu göstəriciyə qədər yalnız qrafik prosessorlarının istehsalında ixtisaslaşan "Nvidia" çata bilmişdi.

Şirkətin kapitallaşması iyulun 31-də, Nyu-York birjasında ticarət açılışında 6,25% artaraq 560 dollar səviyyəsinə yüksəldi və bununla da "Microsoft"un dəyəri ilk dəfə 4 trilyon dollardan yuxarı qalxdı. Lakin sonrakı saatlarda qiymətlər bir qədər geri çəkilərək 535 dollar səviyyəsində stabilləşdi və nəticədə kapitalizasiya 3,98 trilyon dollar civarına endi.

Artımın əsas səbəbi "Microsoft"un kvartal hesabatında gəlirlərin analitik gözləntiləri üstələməsi və bulud xidmətləri sahəsində – xüsusilə Microsoft Azure platformasında güclü satış artımı ilə bağlıdır. Şirkət, həmçinin süni intellekt texnologiyalarına 30 milyard dollarlıq rekord sərmayə planlarını açıqlayıb.

Texnologiya yarışında liderlər dəyişir

"Microsoft"un 4 trilyon dollarlıq hədəfi aşması texnologiya nəhəngləri arasında qızğın rəqabətin yeni mərhələyə keçdiyini göstərir. Bu uğura ilk çatan "Nvidia olmuşdu" – iyulun 9-da şirkət bu göstəricini aşaraq süni intellekt dalğasında bazarın zirvəsinə yüksəldi. Cəmi üç il əvvəl 400 milyard dollar dəyərində qiymətləndirilən "Nvidia" qısa müddətdə "Microsoft"u və "Apple"ı geridə qoyaraq dünya üzrə ən yüksək dəyərə malik şirkətə çevrildi.

Hazırda "Nvidia"nın bazar kapitallaşması 4,4 trilyon dollar, "Microsoft"un isə 3,98 trilyon dollardır. İlk üçlüyü "Apple" tamamlayır – onun dəyəri 3,125 trilyon dollara bərabərdir. İlk beşlikdə, həmçinin "Amazon" (2,4 trilyon dollar) və "Alphabet" (Google-un ana şirkəti, 2,3 trilyon dollar) yer alır. Meta (Facebook və Instagram daxil olmaqla) 1,9 trilyon dollar kapitalla altıncı yerdə qərarlaşıb.

Rəqəmsal iqtisadiyyatın yeni dalğası

Texnologiya sektorunda sürətli kapitallaşma süni intellekt və bulud əsaslı xidmətlərin iqtisadi artımın lokomotivi olduğunu təsdiqləyir. Həm Microsoft, həm də Nvidia bu sahədə liderliyi ələ almaq uğrunda sərmayə yarışına çıxıb. Analitiklər bu tendensiyanın davam edəcəyini və yaxın illərdə texnologiya nəhənglərinin qiymətləndirməsində daha yeni zirvələrin mümkün olduğunu proqnozlaşdırırlar.

S.ELAY

XQ

Seçilən
29
1
xalqqazeti.az

2Mənbələr