“Dominant dillərin media, internet və təhsil vasitəsilə yayılması yerli dilləri sıxışdırır. Belə bir şəraitdə milli dillərin qorunması vacib şərtdir. Türk dilləri ailəsində xüsusi mövqeyə malik olan Azərbaycan dili 70 illik Sovet rejimi dövründəki maneələrə rəğmən öz mövcudluğunu qoruyub saxlayıb. Çünki bütün təhlükələrin, mümkün risklərin qarşısı vaxtında alınırdı. Ulu Öndər Heydər Əliyev deyirdi ki, xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Biz hər addımda bu kəlamın əhəmiyyətini, vacibliyini hiss edirik”.
Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, Ümummilli Liderin Azərbaycan dilinin qorunması istiqamətində atdığı cəsarətli addımlar həm də milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına xidmət edirdi:
“Hələ 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmamasına etiraz edən Ulu Öndər bu məsələdə sona qədər prinsipiallıq nümayiş etdirdi. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alındı. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirirdi. Məhz bu tarixi qərar sayəsində dilimizin inkişafına nail olundu. Ulu Öndərin də söylədiyi kimi, iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə olan bir dildir”.
Millət vəkili qeyd edib ki, Azərbaycan dilinin inkişafı müstəqillik dövründə daha geniş miqyasda davam etdirildi:
“Konstitusiyanın 21-ci maddəsində Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün də Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Qloballaşmanın bütün dillərə təsir etdiyi bir vaxtda ölkəmizdə intensiv şəkildə həyata keçirilən tədbirlər Azərbaycan dilini bütün mümkün mənfi təsirlərdən qorumaqdadır. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilir”.
“Azərbaycan dili bu gün də öz saflığını qoruyur, daha da zənginləşir. Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində tətbiqi mümkün olub. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda da müasir dövrün tələbləri və reallıqları nəzərə alınır. Bu proqram ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.
Müasir dünyada linqvistik müxtəlifliyə qarşı təhdidlərin artdığı bir vaxtda əminliklə deyə bilərik ki, bu gün Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir. Azərbaycan dili vətənpərvərlik, vətəndaşlıq, yüksək mənəvi ideallar, tarixi yaddaş və nəsillərin davamlılığını özündə əks etdirir”,- millət vəkili son olaraq qeyd edib.
//Gülnarə Abasova, Editor.az