Azərbaycanın dövriyyədə olan dövlət qiymətli kağızlarının ümumi həcmi 2025-ci il iyulun 1-nə 8,03 milyard manata çatıb ki, bu da 2018-ci illə müqayisədə 7,6 dəfə artım deməkdir. Bu barədə Maliyyə Nazirliyinin yarımillik hesabatında bildirilir.
Nazirliyin məlumatına görə, bu artım xarici borcun daxili borcla əvəzlənməsi və daxili maliyyə bazarının inkişafını təşviq etmək məqsədilə həyata keçirilən strategiya çərçivəsində baş verib.
Dövriyyədə olan istiqrazların 12,9 faizi 1 illik, 57 faizi 2 və 3 illik, 30,1 faizi isə 5 il və daha uzunmüddətli kağızların payına düşür.
2025-ci il iyulun 1-nə dövlət istiqrazları üzrə orta ödəniş müddəti (OÖM) 2,93 il təşkil edib.
Nazirlik bildirir ki, birinci yarımildə həyata keçirilən təkrar maliyyələşdirmə tədbirləri, xüsusilə qısamüddətli istiqrazların uzunmüddətli olanlarla əvəzlənməsi, bu müddətin artmasına səbəb olub.
Gülnar Nazimqızı