AZ

Azərbaycan millisinin sabiq futbolçusu klublarımızın avrokuboklardakı çıxışını dəyərləndirib

Bakı, 1 avqust, AZƏRTAC

“Sabah” hər iki oyunda “Petrokub”u böyük fərqlə üstələdi. Komanda bütün komponentlərdə güclü olduğunu göstərdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanan “Sabah” ilə “Araz-Naxçıvan”, eləcə də avrokuboklarda mübarizəni dayandıran “Zirə” barədə danışarkən deyib.

35 yaşlı yarımmüdafiəçi “Sabah”ın III təsnifat mərhələsindəki rəqibi olan Bolqarıstan “Levski”sinin güclü kollektiv olduğunu söyləyib: “Düzdür, onların oyunlarını izləməmişəm. Lakin bolqarlar Avropada hər zaman uğurlu çıxış edirlər. “Levski” ölkənin sayılıb-seçilən klublarından biridir. Həm də “Petrokub”dan daha güclüdür. “Sabah” üçün Moldova təmsilçisinə qarşı oynamaq asan idi. Lakin növbəti mərhələdə işi çətin olacaq”.

Onun sözlərinə görə, “Araz-Naxçıvan” “Aris”i mübarizədən kənarlaşdırmaqla kağız üzərində favorit olan komandaların heç də hər zaman qalib gəlmədiyini sübut edib: “Bəzi insanlar Yunanıstan təmsilçisinin növbəti mərhələyə adlayacağını gözləyirdi. Debütant komandanın bunu bacarması möhtəşəm uğur oldu. Naxçıvan klubu hər iki görüşdə layiqli mübarizə apardı. Növbəti mərhələdəki rəqib Kiprin “Omoniya” klubu olacaq. Bizə tanış komandadır. Dəfələrlə Azərbaycan təmsilçiləri ilə üz-üzə gəlib. Güclü rəqibdir. Elmar Baxşıyevi ikinci çətin sınaq gözləyir. Amma “Aris”lə matçdan sonra komandamıza inanmaq lazımdır”.

R. Əmirquliyev “Zirə”nin “Hayduk”a məğlub olmasına baxmayaraq, layiqli mübarizə apardığını deyib: “Püşkdən sonra ən adlı-sanlı komanda “Zirə”yə düşmüşdü. Evdə və səfərdə yaxşı oynadılar. Rikardo Martins Gimaraynşın qırmızı vərəqə alması matça təsirini göstərdi. Əgər bu olmasaydı, fərqli nəticə görə bilərdik. “Zirə” “Hayduk”u keçmək gücünə sahib idi”.

Qeyd edək ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 7-də, cavab görüşləri isə 14-də keçiriləcək.

Seçilən
18
3
azertag.az

4Mənbələr