Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.
TASS informasiya agentliyinin Azərbaycanın Xankəndi şəhərini “Stepanakert” kimi təqdim etməsi, sadəcə terminoloji səhv deyil, həm də simvolik və siyasi mənası olan bir addımdır.
Rəsmi Bakının buna sərt reaksiya verməsi - o cümlədən Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin düzəliş və üzrxahlıq tələbi - bu məsələnin nə qədər prinsipial olduğunu göstərir. Çünki, burada təkcə bir şəhərin adı deyil, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsi kontekstdədir.
Sual yaranır: TASS bu ifadəni bilərəkdənmi işlədib, yoxsa bu, Rusiyanın müəyyən dairələrinin hələ də regiondakı reallıqları qəbul etməməsinin təzahürüdür? Əgər məqsədli bir terminoloji siyasətdirsə, bu, Rusiya-Azərbaycan münasibətlərində etimad problemləri doğura bilər. Çünki 2023-cü ilin payızında Qarabağda suverenliyin tam bərpa edilməsindən sonra “Stepanakert” kimi ifadələrin istifadəsi, artıq yalnız keçmişə bağlı xatırlatma deyil, konkret siyasi mövqe göstəricisinə çevrilir.
Digər tərəfdən, bu hadisə informasiya sahəsində suverenliyin aktuallığını yenidən gündəmə gətirir. Azərbaycan yalnız fiziki əraziləri üzərində yox, həm də informasiyanın məzmununa nəzarət hüququnu qorumaqda qərarlıdır. Ayxan Hacızadənin çıxışında TASS-ın Azərbaycandakı fəaliyyətinə qarşı hüquqi addımların nəzərdən keçiriləcəyi xəbərdarlığı, bu iradənin praktik təsdiqidir.
Burada məsələ, həmçinin regional güclərin informasiya alətlərindən necə istifadə etdiklərini də ortaya qoyur. Rusiya KİV-lərinin, xüsusilə TASS kimi rəsmi agentliklərin terminoloji seçimi, Kremlin regiondakı yanaşmasını əks etdirə bilər. Əgər Moskva Xankəndi məsələsində Azərbaycanla razılaşdırılmış mövqedədirsə, bu cür “texniki səhvlər” təkrarlanmamalıdır.
Sonda belə nəticəyə gəlmək olar ki, TASS-ın ifadə seçimi ilə bağlı Azərbaycan tərəfinin reaksiyası adi diplomatik bəyanat çərçivəsində qalmır - bu, informasiya məkanında dövlət suverenliyinin qorunmasına yönəlmiş daha geniş siyasətin bir hissəsidir. Gözlənti ondan ibarətdir ki, rəsmi Moskva bu məsələyə aydınlıq gətirəcək və Azərbaycanla münasibətlərin strateji xarakterinə xələl gətirməyəcək şəkildə addımlar atacaq. Əks halda, bu kimi nüanslar iki ölkə arasında informasiya sahəsində yeni gərginlik mənbəyinə çevrilə bilər.
Züriyə Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.