AZ

İranın Azərbaycan siyasətində gərginlik artır – Pezeşkian nəyi etiraf etdi?

İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla münasibətlərdə tamamilə yeni və fərqli bir sistem formalaşdırdığını etiraf edib. Bu dəyişikliklər İranın regiondakı siyasətində mühüm dönüş nöqtəsi ola bilər. Eyni zamanda, belə bir strateji dönüşün ən yüksək səviyyədə təsdiqlənib-təsdiqlənmədiyi, eləcə də hakimiyyətdə mövcud olan mühafizəkar qüvvələrin bu yeni yanaşmaya mane olub-olmayacağı suallar yaradır. Bu məsələlər İran-Azərbaycan münasibətlərinin gələcək dinamikasını müəyyənləşdirəcək əsas məqamlardır.

İranın bu yanaşması nədən xəbər verir?

Editor.az-a danışan politoloq Turab Rzayev deyib ki, İran siyasətində parçalanma müşahidə olunur:

“Açıq şəkildə görünür ki, Pezeşkian Azərbaycanla yaxşı münasibətlərin qurulmasına önəm verir. O, Qarabağa səfər edir, ölkəmizdə keçirilən görüşlərdə iştirak edir və s. Lakin paralel olaraq İran Xarici İşlər Nazirliyi və səfiri bunun əksini ifadə edən açıqlamalar verir. İran prezidentinin imzaladığı bəyannaməni inkar edərək, öz mövqelərinin dəyişməz olduğunu nümayiş etdirirlər. Beləliklə, Pezeşkianın Qarabağa səfəri və orada imzalanan bəyannamənin önəmini azaltmaq cəhdləri müşahidə olunur. İran sistemində ölkəmizə qarşı ziddiyyətlər mövcuddur.

Pezeşkianın Zəncanda verdiyi açıqlamalarda bildirilir ki, Azərbaycanla münasibətlərdə problemlər var və bu, yalnız Azərbaycandan qaynaqlanmır. Dolayı yolla etiraf edir ki, İran rəsmilərinin davranışlarında da müəyyən ziddiyyətlər mövcuddur. O, açıq şəkildə vurğulayır ki, Azərbaycan İsraillə əməkdaşlıq edib, İranla etmirsə, bunda rəsmi Tehranın rolu və məsuliyyəti var”.

Politoloqun fikrincə, Pezeşkianın bu mövqeyi ali rəhbər tərəfindən təsdiqlənmiş ola bilər:

“İrandakı Xarici İşlər Nazirliyi və digər qurumlar da ali rəhbərə tabedirlər, ona görə də onların mövqeyi də avtomatik olaraq sanksiyalaşdırılmış sayılmalıdır. Görünür, İran ali rəhbərliyi faktiki olaraq belə bir vəziyyətin yaranmasına maraqlıdır. Pezeşkiana Azərbaycanla münasibətləri yaxşılaşdırmaq, eyni zamanda SEPAH və digər vilayət rəhbərlərinə rəsmi Bakıya təzyiqlər göstərmək tapşırılıb. Bu, ikili idarəetmə prinsipinin həyata keçirilməsidir. Açıq qarşıdurmanın olacağını söyləmək doğru deyil”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr