AZ

Hökumət qərarı təsdiqlədi

Kimlər daha 5 il tez pensiyaya çıxacaq?

Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərarı təsdiq edib. Baş nazirin imzaladığı qərara əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərin əhatə dairəsi bir qədər də genişləndirilib. Yeni sənəd əsasən, daha tez pensiyaya çıxanların siyahısı dəqiqləşdirilərək müəyyən əlavələr edilib. Belə ki, qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər əlavə olunmaqla mühəndislər, o cümlədən elektrik mühəndislər ilə yanaşı, metallurqlar da güzəştli pensiya siyahısına daxil edilib.

Qanun kimlərə güzəştlər verir?

Güzəştli şərtlərlə pensiya hüququ 5 il daha tez pensiyaya çıxmağı nəzərdə tutur və bu güzəştlə təmin edilən sosial qrupların bir çox şamil olunur. Güzəştli şərtlər ilə pensiya hüququ “Əmək pensiyaları” haqqında Qanunla təsbit olunub.

Eyni zamanda, qanunun təsbiti ilə əlaqədar “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənib. Sözügedən qanunun 8-ci maddəsinə əsasən uşaqlarla bağlı pensiya güzəşti mövcuddur. Belə ki, həmin maddə “uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri”, 9-c maddəsi isə “güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri” müəyyən edir.

Sözügedən anuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla 5 və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların 8 yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çoxuşaqlı ailələrdə analar 59, əgər bu hüquqdan atalar istifadə edirsə, o zaman onlar 60 yaşında pensiyaya çıxırlar.

Zərərli və ağır işlərə görə əmək pensiyası hüququ

“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Bununla yanaşı, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılır.

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda 15 il tez əmək pensiyası ala bilirlər. Eyni zamanda, bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və s. çalışanların da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüquqları vardır.

Güzəştli pensiya təyinatı üçün hansı sənədlər tələb olunur?

Güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranan vətəndaşlar “Əmək pensiyaları haqqında” qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda nəzərdə tutulmuş müvafiq təsdiqedici sənədləri sosial müdafiə orqanlarına təqdim etməldir. Güzəşli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun müəyyən edilməsi üçün şəxsin şəxsiyyət vəsiqəsinin surəti, sığorta stajını təsdiq edən sənədlər (əmək kitabçası, həqiqi hərbi xidmət dövrü barədə sənəd, əyani təhsil haqqında arayış və s.) və zərərli əmək şəraitində işlədiyi dövrü təsdiq edən arayış tələb olunur. Bu sənədlər şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun və hüququ olduqda pensiya məbləğinin müəyyən edilməsi üçün vacibdir.

“Əmək pensiyaları haqqında” Qanunun 31.2-2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Əldə edilməsi mümkün olmadığı hallarda isə ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Şəxsin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdəki iş müddəti isə işəgötürənin arayışına əsasən müəyyən edilir.

Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən, elektron sistemdən əvvəl qurulan əmək münasibətlərinə dair sosial sığorta stajı əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı əsasında müəyyən edilir. Əlavə olaraq sosial sığorta stajına daxil edilən digər fəaliyyət dövrləri zərurət yarandığı təqdirdə müvafiq arayış və sənədlər əsasında nəzərə alınır.

E.CƏFƏRLİ

Seçilən
8
1
yeniazerbaycan.com

2Mənbələr