Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, millət vəkili Göydəniz Qəhrəmanov ölkəmizdə turizmin vəziyyəti ilə bağlı müsahibə verib.
Sfera.az həmin müsahibəni təqdim edir:
- Azərbaycan turizminin son illərdə inkişafını necə qiymətləndirirsiniz?
- Azərbaycanda turizm ölkəmizin iqtisadiyyatında mühüm sahə olaraq ön plana çıxmaqdadır. Rəsmi statistikaya əsasən hər il ölkəmizə gələn turistlərin sayı artır.
Xarici qonaqların ölkəmizə artan marağı, şübhəsiz ki, Cənab Prezident İlham Əliyevin turizm sahəsinə göstərdiyi xüsusi diqqətin nəticəsidir. Paytaxtda və regionlarda aparılan infrastruktur layihələri, yeni hava limanlarının açılması, iqtisadi inkişaf, təhlükəsizlik və beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi bu marağı daha da artırmaqdadır. Turizm ölkəmizə valyutanın axınını təmin edən sahələrdən biridir və sürətlə inkişaf edir.
- Bələdçilərin sertifikasiyadan keçməsi nə dərəcədə vacibdir? Bu, turizmə hansı müsbət təsirləri verə bilər?
- Mühüm məsələdən biri sahibkarlığın inkişafı üçün atılan çevik addımlardır. Xüsusilə də turizm sahəsində çalışanlar üçün lisenziyaların ləğvi sektora daxil olmaq istəyən sahibkarlar üçün böyük imkanlar açır. Lakin təəssüflə qeyd etməliyəm ki, bəzi şəxslər bu imkanlardan sui-istifadə edir.
Belə ki, qeyri-peşəkar bələdçilər turistlərə tarixi faktlara uyğun gəlməyən məlumatlar verir, bu da ölkəmizin turizm imicinə xələl gətirir. Qeyd etmək istəyirəm ki, hər xarici dili bilən şəxs bələdçi olmaq deyil. Bunun üçün xüsusi biliyə malik olmaq lazımdır. Bu səbəbdən bələdçilərin sertifikasiyadan keçməsi və onların peşəkarlıq səviyyəsinin yoxlanması zərurətə çevrilib. Ümumiyyətlə bələdçilərin vahid proqram üzrə çalışması vacibdir və hər biri vergi ödəyicisi olmalıdır. Bu həm xidmət səviyyəsini artıracaq həm də sağlam rəqabət mühitini qoruyacaq. Bu qayda heç bir bələdçinin işini məhdudlaşdırmaq fikrini daşımır, əksinə, bu sahənin qorunmasına və inkişafına zəmin yaradır. Paralel olaraq bələdçi kurslarının sayının artırılması yaxşı olardı. Turizm sahəsi sürətlə inkişaf edir, Dövlətimiz bu istiqamətdə bir çox işlər görür, turistləri Azərbaycana cəlb edir. Xidmət sahəsi çox mühümdür, turistlərə yüksək xidmət göstərilməsə turistlərin sayı azala bilər.
- Turizm sənayesinin Bakıda nəqliyyat sektorunda vəziyyəti necə dəyərləndirirsiniz?
- Paytaxda AYNA bir çox işlər görür və nəqliyyat sektorunda yeniliklər gətirirərək təkmilləşdirməyə çalışır. Lakin yeni çəkilən avtobus zolaqları turistlərin təyinat nöqtəsinə çatmasını çətinləşdirir və turistlərin narazılığına səbəb olur. Təklif edərdim iri həcimli turist daşıyan nəqliyyat vasitələrinin bu zolaqlardan istifadə etməsinə icazə verlsin, ya da şəhərin bir neçə nöqtəsində turistlər üçün xüsusi dayanacaqlar müəyyən edilsin. Nəqliyyat vasitələri oteldən xeyli aralıda turistləri endirməyə məcbur qalır. Bunun da nəticəsində turist otellərinə çatmaq üçün çantalarla xeyli piyada yol qət etmək məcburiyyətində olurlar. Bu da turistlərin narazılığına səbəb olur.
Altay