AZ

"TASS-ın addımı Rusiya mətbuatının hansı tərəfdə dayandığını göstərən açıq siqnaldır" - ŞƏRH EDİLDİ

"Rusiyanın rəsmi informasiya agentliyi TASS-ın “Stepanakert” ifadəsini silib onun yerinə “Naqornıy Karabax” yazması ilk baxışda neytral bir düzəliş kimi görünsə də, əslində bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı ziddiyyətli və manipulyativ yanaşmanın tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, belə ifadə dəyişikliyi sırf terminoloji deyil, siyasi məqsəd daşıyır və beynəlxalq ictimai rəyə təsir etmək üçün planlı şəkildə edilir: "Hazırda “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi Azərbaycanda mövcud deyil. Bu termin yalnız keçmiş münaqişə dövrünün və Sovet mirasının bir qalığıdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində belə bir ərazi vahidi rəsmi olaraq ləğv olunub və bu fakt BMT başda olmaqla bir çox beynəlxalq təşkilatlar tərəfindən tanınır. Rusiya kimi ölkələrin informasiya mənbələrinin bu terminə yenidən qayıtması, mahiyyət etibarilə Azərbaycanın ərazi suverenliyini şübhə altına almağa yönəlmiş addım kimi qiymətləndirilə bilər. Bu kontekstdə Azərbaycanın rəsmi dövlət qurumlarının xüsusilə Xarici İşlər Nazirliyi və AZƏRTAC-ın verdiyi sərt və prinsipial reaksiyanı tam əsaslı hesab edir. Bu tip hallarda beynəlxalq informasiya siyasəti sahəsində Azərbaycan öz media platformalarını gücləndirməli, diplomatik kanallar vasitəsilə etirazlarını davamlı şəkildə bildirməli və beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə təzyiq mexanizmlərini işə salmalıdır.

Burada Kalininqrad nümunəsi də xüsusi önəm daşıyır. Əgər Rusiya özü Kalininqradın digər adlarla təqdim edilməsinə siyasi həssaslıq göstərirsə, onda Azərbaycanın da öz ərazi bütövlüyü ilə bağlı eyni həssas yanaşması tamamilə haqlıdır. Bu cür ikili standartlara yol verilməməli və beynəlxalq hüququn prinsipləri bütün tərəflər üçün bərabər şəkildə tətbiq olunmalıdır. TASS-ın bu addımı təkcə informasiya müharibəsinin bir hissəsi deyil, həm də regional geosiyasi proseslərdə Rusiya mətbuatının hansı tərəfdə dayandığını göstərən açıq siqnaldır. Azərbaycan buna qarşı həm diplomatik, həm də informasiya texnologiyaları vasitəsilə çevik və sistemli cavab verməyə davam etməlidir".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
59
1
sia.az

2Mənbələr