AZ

Türkiyədə SİPER Blok-1-in kütləvi istehsala qəbul sınaqları tamamlanıb

Türkiyədə SİPER Blok-1 (Ürün-1) zenit-raket sisteminin (ZRS) kütləvi istehsala qəbul sınaqları uğurla tamamlanıb.

Bu barədə “Poliqon” Türkiyə Müdafiə Sənayesi Komitəsinə istinadən xəbər verib.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bildirib ki, yüksək hündürlükdə hava hücumundan müdafiə vəzifəsini üzərinə götürən SİPER, uğurlu keçən sınaqlarla birlikdə inventardakı yerini daha da möhkəmləndirib.

“Bu inkişaf Türkiyənin çoxlaylı hava hücumundan müdafiə arxitekturasında çox kritik bir mərhələ deməkdir. Aşağı, orta və yüksək hündürlüklərdə milli həllərlə qurulan “Çelik Kubbe” hər keçən gün daha da güclənir. SİPER, əhatə dairəsi, dəqiqliyi və hədəflərin müxtəlifliyinə qarşı təsirliliyi ilə “Göy Vətən”in ən strateji təhlükəsizlik qalxanlarından birinə çevrilir. Məqsədimiz, heç bir təhdid qarşısında boşluq qoymayan, tamamilə yerli və milli bir hava hücumundan müdafiə şəbəkəsi qurmaqdır. Bu yolda, mühəndislərimizin zəhməti, qurumlarımızın əməkdaşlığı və xalqımızın dəstəyi ilə qətiyyətlə irəliləyirik”, – deyə sədr vurğulayıb.

Qeyd edək ki, “Çelik Kubbe” (“Polad Günbəz”) konsepsiyasında yer alan SİPER ZRS Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbərliyi altında ASELSAN və “Roketsan” şirkətləri tərəfindən birgə inkişaf etdirilib.

2018-ci ildə inkişaf etdirilməyə başlanan SİPER ZRS, “Patriot” və S-400 sistemlərində olduğu kimi birdən çox raket variantına sahibdir. O, uzun mənzil və yüksək hündürlükdəki hava hədəflərini – döyüş təyyarələrini, qanadlı raketləri, “hava-yer” tipli sursatları və s. zərərsizləşdirmək üçün nəzərdə tutulub.

SİPER ZRS-nin batareyasına 4 ədəd raket buraxıcı sistemi, 2 ədəd raket yükləmə sistemi, 1 ədəd “Teirs” radarı, 1 ədəd atəşi idarəetmə mərkəzi, 1 ədəd atəşə nəzarət radarı və 3 ədəd rabitə stansiyası daxildir.

Seçilən
29
poliqon.az

1Mənbələr