AZ

Azərbaycan dili milli kimliyimizin təməlidir

Azərbaycan dili xalqımızın tarixi yaddaşını, mədəni irsini, milli-mənəvi dəyərlərini qoruyub saxlayan ən mühüm amillərdən biridir. Ana dilimiz yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin əsas sütunlarından biridir. Məhz bu baxımdan, 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ölkəmizdə xüsusi qeyd edilir və milli əhəmiyyət daşıyan günlərdən biri hesab olunur.

Bu əlamətdar günün qeyd olunması 2001-ci ildən başlayır. Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə 1 avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü” elan olunmuşdur. Bu tarix təsadüfi seçilməmişdir – çünki 2001-ci ildə artıq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı əlifbaya keçid tam şəkildə başa çatdırılmışdı. Bu addım dilimizin inkişafı və müasir texnologiyalara inteqrasiyası baxımından mühüm əhəmiyyətə malik idi.

Azərbaycan dili öz qədim kökləri ilə zəngin ədəbi irsə malikdir. Nizami Gəncəvidən, Füzulidən, Mirzə Fətəli Axundzaddan başlayaraq Cəlil Məmmədquluzadəyə, Səməd Vurğuna qədər saysız-hesabsız klassik və müasir yazarlar Azərbaycan dilində yazaraq bu dili bədii cəhətdən zənginləşdirmişlər. Azərbaycan dili eyni zamanda dövlət idarəçiliyinin, təhsilin, medianın və ədəbiyyatın əsas daşıyıcısıdır. Konstitusiyamıza əsasən, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və dövlət onun inkişafını və qorunmasını təmin edir.

Müasir dövrdə Azərbaycan dili sürətlə inkişaf edir, qloballaşan dünyada öz mövqeyini möhkəmləndirir. Azərbaycan əlifbasının latın qrafikasına uyğunlaşdırılması dilimizin beynəlxalq səviyyədə daha asan öyrənilməsinə və yayılmasına şərait yaratmışdır. Bu həm də gənc nəslin milli dəyərlərə bağlı ruhda böyüməsi üçün mühüm addımdır.

Bu gün bizə düşən əsas vəzifə – Azərbaycan dilini düzgün öyrənmək, onu qorumaq, təbliğ etmək və gələcək nəsillərə saf şəkildə ötürməkdir. Hər bir vətəndaş ana dilinə sevgi ilə yanaşmalı, onu qürurla yaşatmalı və inkişaf etdirməlidir.

Ana dilimiz – milli varlığımızdır!

Nazim Bünyatov,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Seçilən
79
yeniazerbaycan.com

1Mənbələr