ABŞ Prezidenti Donald Tramp dünyanın bir sıra ölkələrinə qarşı yeni idxal rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb.
Sfera.az “CNN”ə istinadən xəbər verir ki, yeni tariflər əvvəlcə gözlənildiyi kimi avqustun 1-də deyil, avqustun 7-dən qüvvəyə minəcək. Qərarın gecikdirilməsi gömrük və sərhəd xidmətlərinə yeni rüsumların toplanması üçün texniki hazırlıq imkanı yaratmaq məqsədi daşıyır.
Yeni tarif rejiminə əsasən İsveçrədən idxal üçün vergi faizi 31-dən 39-a yüksəldilib. Lixtenşteyn üçün rüsum 37 faizdən 15 faizə endirilib. Fərmanda qeyd olunmayan ölkələrə isə 10 faiz baza tarifi tətbiq olunacaq.
Sərəncamda ABŞ-nin əsas ticarət tərəfdaşları - Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və Filippinlə əldə olunan razılaşmalar da rəsmiləşdirilib.
Xatırladaq ki, Tramp aprelin 9-da idxal tariflərinin artırılması ilə bağlı qərarların icrasını 75-dən çox ölkənin dialoq tələbi səbəbindən əvvəlcə 9 iyula, daha sonra isə 1 avqusta qədər təxirə salmışdı.
Fidan Hacızadə
Sfera.az