
ABŞ prezidenti Donald Tramp Türkiyəyə əlavə rüsumların 10%-dən 15%-ə qaldırılmasını təsdiqləyib.
ABŞ prezidenti Donald Tramp qarşılıqlı əsaslı tarif dərəcələrinə dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. İcra sərəncamına əsasən, ölkələr üçün gözlənilən tarif dərəcələri 10 faizdən 41 faizə qədərdir. Türkiyənin 15 faiz tariflə üzləşəcəyi gözlənilir.
Ağ Evdən verilən açıqlamada deyilir ki, Trampın imzaladığı icra sərəncamı ABŞ-ın artan illik mal ticarəti kəsirini daha da azaltmaq üçün bəzi ölkələr üçün qarşılıqlı əsaslı tarif dərəcələrini dəyişdirir.
Açıqlamada vurğulanıb ki, Trampın aprelin 2-də qarşılıqlı əsaslı tariflərlə bağlı açıqlamasından sonra bəzi ölkələr ABŞ ilə mənalı ticarət və təhlükəsizlik sazişləri ilə razılaşıb və ya razılaşmaq ərəfəsindədir. O, həmçinin qeyd edib ki, bəzi ölkələr danışıqlar yolu ilə ABŞ-a təkliflər verib, digərləri isə ümumiyyətlə ABŞ-la danışıqlara girməyib.
Açıqlamada qeyd edilib ki, Tramp müəyyən ölkələr üçün qarşılıqlı əsaslı tarif dərəcələrinin dəyişdirilməsinin zəruri və uyğun olduğunu müəyyən edib.
Bildirilib ki, sözügedən fərmana daxil olan ölkələrə göstərilən dərəcələrlə gömrük rüsumları, siyahıya daxil olmayan ölkələrə isə 10 faiz vergi tətbiq olunacaq.