AZ

Qlobal əməkdaşlıq körpüsü

Azərbaycan «dəhliz müharibəsi»ndə də söz sahibi olacaq 

Beynəlxalq səviyyədə qlobal nəqliyyat infrastrukturu ilə bağlı  müzakirələrdə bütün diqqət Orta Dəhliz layihəsi ətrafında formalaşır. Cinin «Bir kəmər, bir  yol» layihəsini ilk günlərdən dəstəkləyən Azərbaycan  bu təşəbbüsün əsas tərəfdaşlarından olmaqla Orta dəhlizin mühüm həlqələrindən olan Zəngəzur dəmir və avtomobil yollarının açılması istiqamətində  səylərini artırır. Bu məqsədlə   Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun inşasına daha çox diqqət göstərilir.  Dəhlizlə bağlı beynəlxalq ictimaiyyətin rəyi də belədir  ki, Zəngəzur dəhlizinin bərpası ilə  təkcə regionda deyil, beynəlxalq nəqliyyat- infrastrukturunda yeni reallıqlar yaranacaq. Dövlətlərarası yük və sərnişin daşımalarında ən müasir, səmərəli metodlardan istifadə etməklə  əməkdaşğın şaxələndirmə   formulu  təkmilləşəcək. Xatırladaq ki, ümumi uzunluğu 110,4 kilometr və 8 stansiyadan ibarət olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin gələn il istismara verilməsi nəzərdə tutulur. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi də sürətlə davam etdidir.

Respublikamızın digər bölgələri ilə  Azərbaycanın  ayrılmaz tərkib hissəsi olan   Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolunun bərpası region üçün də önəmli töhfə olacaq. Strateji əhəmiyyətli  Zəngəzur  dəhlizinin bərpası ilə Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında yaranan əlaqə ilə   tərəfdaş ölkələrin   siyasi, iqtisadi, ticari əməkaşlığı yeni istiqamətlər üzrə  inkişaf etdiriləcək.  Bu dəhliz Azərbaycanla  Türkiyənin birgə  layihəsi olan  Bakı-Ceyhan-Qars dəmir yolu ilə yanaşı, ikinci dəmiryol xətti  kimi   bölgə dövlətləri arasında rabitə yaratmaqla Cənubi Avropa ilə Asiyanı birləşdirən  körpü olacaq.  Regionda sabitliyə və  qarşılqlı əməkdaşlığa   mühüm töhfələr verən Azərbaycanın  Zəngəzur dəhlizi ilə bağlı  həyata keçirdiyi siyasətin əsasını da birgə fəaliyyət prinsipləri təşkil edir.

III Şuşa  Qlobal Media Forumunda dünyada baş verən siyasi, iqtisadi hadisələr, qlobal layihələrin birləşdirici, bağlılıq rolu ilə bağlı açıqlamaları ilə diqqəti cəlb edən Prezident İlham Əliyev Zəngəzur dəhlizinin əhəmiyyətini  «Burada söhbət təkcə tranzitdən getmir. Biz dəhlizlər, dəmir yolları haqqında danışanda tranzit və tranzit ödəmələri haqqında danışdığımız düşünülə bilər. Tranzit ödəmələri, əlbəttə ki, vacibdir, o, ölkəni gücləndirə bilər. Ancaq əsas məsələ tranzit marşrutu boyu infrastrukturun və sahələrin yaradılmasıdır ki, o sahələr əlavə sərmayə cəlb edə bilər»  sözləri ilə ifadə etməklə  layihənin gerçəkləşməsini  bölgədə sabitliyin  və  təhlükəsizliyin təminatı üçün  başlıca şərt  adlandırıb: «Bu gün regionumuz, Mərkəzi Asiya regionu, Cənubi Qafqaz, ondan Şərqdə və Qərbdə yerləşən ölkələr sabit dövlətlərdir. Xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. Yəni bu, bağlılıq layihələrinin təşviqi baxımından mühüm amildir. İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz və biz burada qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmalıyıq. Bu sahədə də fəal diplomatik fəaliyyət aparılır və bizim etibarlı tərəfdaş imicimiz var.» Bağlantı layihələrinin ən önəmlisi hesab olunan  Zəngəzur dəhlizini  çox geniş coğrafiyanı birləşdirən,  Şərqdən Qərbi Avropaya qədər uzanan və  müxtəlif ölkələr arasında  qarşılqlı anlaşma yaradacaq Orta Dəhlizin  tərkib hissəsi adlandırıb.

Dövlət başçımız  əlavə olaraq «Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq» söyləməklə onu da vurğulayıb ki, müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir.  Cənubi Qafqazda baş verən  geosiyasi dəyişikliklər, digər tranzit marşrutların  vacibliyinin aktuallışdığı məqamda  Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirmək təşəbbüsü iqtisadi əməkdaşlığa  laiyqli töhfə kimi dəyərləndirilir.

Əhatə etdiyi coğrafi ərazi  baxımından böyük əhəmiyyətə malik,  Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə  respublikamızın digər bölgələrini birləşdirəcək,  oradan Körfəzə çıxış yolu ilə İran ərazisindən keçəcək  Zəngəzur dəhlizinin reallaşması ilə  Şimal-Cənub nəqliyyat  dəhlizinin başqa istiqamətini də  reallaşdırmaq mümkün olacaq. «Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Ona görə də yük axınının həcminin artırılması üçün böyük perspektivlər açılır» söyləyən Prezident İlham Əliyev dəhlizlə bağlı  tərəfdaş ölkələrlə aparılan danışıqların, müzakirələrin  əhəmiyyətini də vurğulayıb.

Artıq Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcminin artması ilə bağlı proqnozlar reallaşır. Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Bakı limanında  qəbul olunan  yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur  dəhlizivasitəsilə göndərilməsinin faydaları etiraf olunur.

Bölgənin infrastrukturunu yeniləyəcək nəqliyyat vasitələrinin maneəsiz hərəkəti ilə bağlı  imzaladığı bəyanatlarla üzərinə götürdüyü öhdəliyə əməl etməyən Ermənistan  hələ də  Zəngəzur dəhlizinin bərpası ilə bağlı susqunluğunu, fəaliyyətsizliyini davam etdirir.

Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında  keçirilən Əbu-Dabi görüşündə əsas prinsipial məsələ kimi Zəngəzur dəhlizi ilə bağlı müəyyən razılaşma əldə olunsa da  başqalarının rəyi ilə hesablaşan İrəvanın  «tərəddüd siyasəti» gündəmdədir.   Zəngəzur dəhlizinin bərpasına   «səbirli» münasibət göstərən, gözləmə mövqeyi ilə  tranzit ölkə  şansını qaçıran Ermənistan bu məsələ ilə bağlı mövqeyini dəyişməsə təkcə  nəqliyyat sahəsində  deyil,  müəyyən dərəcədə siyasi  arenada da təcridlə üzləşəcək.

Tarixən qonşu ölkələrlə qarşılıqlı əməkdaşlıq şəraitində yaşamağa  üstünlük verən Azərbaycan  bu gün də  mövqeyinə sadiqdir. Xarici siyasətini  «Təkcə qonşu  ölkə ilə  deyil, qonşunun  qonşusuna da hörmət prinsipi» əsasında  formalaşdıran  Azərbaycan  Zəngəzur dəhlizinin açılmasına da   humanizm, xeyirxahlıq  mövqeyindən yanaşır. Torpaqlarımız  30 il Ermənistanın işğalı altında qaldığı müddətdə  İslam ölkəsi olsa belə Azərbaycana qarşı riyakar siyasət yeridən,  Ermənistana hər cür yardım  göstərən İran İslam Respublikası dəhlizin bərpası ilə bağlı danışıqlarda da  «qırımız xətt» siyasətini açıq-aşkar bəlli edir. Bölgədə sabitliyin etibarlı qarantı, infrastrukturun yenilənməsinə xidmət edən,   nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün etibarlı zəmin yaradan Azərbaycanın təşəbbüslərinin gerçəkləşməsinə əngəl törədir. Zəngəzur dəhlizinin açılması ilə bölgədə yeni türk birliyinin formalaşacağından qorxduğu üçün haylara Fransadan daha çox yardım edən İran bilir və bilməlidir ki,  Zəngəzur dəhlizi açılacaq. Bu yolu Orta Dəhlizə böyük töhfə adlandıran Çin, Türkmənistan, Qazaxıstan, Türkiyə, Rusiya, Gürcüstan, hətta bu gün enerji böhranı yaşayan Avropanın əksər ölkələri Azərbaycana öz dəstəklərini nümayiş etdirirlər.

Fars telekanalı SNN-ə müsahibəsində Ermənistan-İran münasibətlərinin əhəmiyyətini şərh edən  İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin nümayəndəsi İbrahim Rezai  Zəngəzur dəhlizi”nin bərpası  ilə regionda mümkün dəyişikliklərdən narahatlıqla bəhs edib. «Əvvəla, Ermənistan bizim dostumuz və strateji tərəfdaşımızdır. İrəvanda hansı gücdən asılı olmayaraq, biz həmişə Ermənistanla ən yaxşı münasibətləri saxlamışıq» söyləyən  Rezai bildirib ki, ikitərəfli görüşlərdə Zəngəzur dəhlizi məsələsi birbaşa gündəmə gətirilməsə də, Tehran prosesi diqqətlə izləyir: «Azərbaycanın israr etdikləri həyata keçərsə, qonşularımızdan birini itirə bilərik. Bu, regional geosiyasətdə İranın milli maraqlarına birbaşa zidd olan dəyişikliyə gətirib çıxaracaq». Yəni, İslam dinində hörmətlə   əməl olunan   «müsəlman müsəlmanın dostu, qardaşıdır» müdrik kəlamını  «erməni sevgisi» ilə əvəz edən Rezainin sözlərinin izahına ehtiyac yoxdur.  O, həmçinin əlavə edib ki, İran və Ermənistan həm hökumətlər səviyyəsində, həm də xalqlar arasında ticarət və sabit əlaqələri inkişaf etdirib. İrandakı erməni icması ölkənin ictimai və mədəni həyatında mühüm rol oynayır: «Niyə qonşularımızdan birini itirməliyik?» söyləyən deputatın  İslam həmrəyliyinə yanaşma tərzi elə ermənicədir.

Zəngəzur dəhlizinin açılması ilə  bağlı  Zəngəzur  (Sunik) sakinləri ilə görüşündə  Azərbaycanı  Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun açılmasının vacibliyindən danışan Ermənistan  prezidenti Vaaqn Xaçaturyan bildirib ki, əgər biz Sünikin qapılarını aça bilsək  gələcək bizə inkişaf üçün böyük imkanlar təqdim edəcək. Ermənistanda  da başa düşürlər  ki, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə üçün prioritetdir. Üstəlik, dəhlizin açılmasında maraqlı olan böyük güclər də var. Belə bir şəraitdə İrəvan sonsuza qədər müqavimət göstərə bilməz.  Ermənistanın baş naziri Nikol Paşinyanın «sülh kəsişməsi» kimi sərsəm ideyasını əhəmiyyətsiz layihə adlandıran Prezident İlham Əliyev Ermənistanın müxtəlif üsullarla vaxt uzatmağa, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını, ölkəmizə qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac verdiyini açıqlayıb.

Bəllidir ki,  rəsmi  İrəvana  Qərbdən,  Rusiyadan kifayət qədər təzyiq göstərilir.   Belə vəziyyətdə  qalan  Ermənistan üçün  Azərbaycanla  Türkiyə  etibarlı nəfəsdir.   Maraqları eyni olan  Azərbaycanla Türkiyə  kənar qüvvələrin Cənubi Qafqaza müdaxiləsinə yol  verməyəcək. Belə ki, Ermənistan  destruktiv ritorikasından əl çəkməli, Zəngəzur  dəhlizinin açılması üçün siyasi iradə ortaya qoymalı və kənar təsirlərdən uzaqlaşmalıdır.  Prezident İlham Əliyevin   dəfələrlə bildirdiyi kimi,  Cənubi Qafqazda Azərbaycanın rəyi olmadan heç bir layihə reallaşa bilməz.  «Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur»  söyləyən Prezident  İlham Əliyevin dünya siyasətinin aktual  problemi olan «dəhliz müharibəsi»ndə də son sözün sahibi olacağına  əminlik daha inandırıcıdır

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
10
ikisahil.az

1Mənbələr