AZ

“Tarixi Yerlər və Abidələr” V Beynəlxalq Bakı – Bayırşəhər Simpoziumu başa çatıb


30-31 iyul 2025-ci il tarixlərində Bakı şəhərində keçirilmiş “Tarixi Yerlər və Abidələr” V Beynəlxalq Bakı - Bayırşəhər Simpoziumu öz işini uğurla yekunlaşdırıb. 31 iyul tarixində Bayırşəhər səmtində yerləşən tarixi Zərgərpalan hamamında davam edən simpoziumun üçüncü bölməsində müxtəlif ölkə və qurumları təmsil edən tədqiqatçılar aktual mövzularda elmi məruzələrlə çıxış ediblər. Dosent Pərvin Ahənçi “Münaqişəsonrası keçid dövründə irs: Qarabağın tarixi-mədəni abidələrinin sənədləşdirilməsi, qorunması və yenidən kontekstləşdirilməsi”, dosent Tükəzban Alıyeva (Göyüşova) “Qız qalasında arxeoloji tədqiqatlar (Gədəbəy rayonu)”, dosent Məhəmməd Nurməmmədov “Azərbaycanın xatirə abidələrinin memarlıq xüsusiyyətləri orta əsr memarlıq məktəbləri kontekstində”, dosent Aidə İsmayılova “Orta əsrlərdə qloballaşma: Böyük İpək Yolu və Azərbaycan mədəni əlaqələr kontekstində”, fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Abasova “Mədəni irsin təbliğində maariflənmənin rolu: Buzovna abidələri nümunəsində”, tarix üzrə fəlsəfə doktoru Elmira Abbasova “İslam dövrü memarlığında hamamların yeri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərova “Biliklər cəmiyyəti və muzeylər: Müasir muzey idarəçiliyinin xüsusiyyətləri”, Beyza Muslu “Yerli yaşam tərzlərinin və mədəni irsin mifologiyaya təsiri”, Müqəddəs Zeynalova isə “Mədəni irsin ictimaiyyətə təqdim olunması və maarifləndirilməsində muzeylərin rolu” mövzularında çıxış ediblər.

Simpoziumun dördüncü bölməsində Şəbnəm Əliyeva “Vəli Əliyevin rəhbərliyi ilə Nərgizavada arxeoloji tədqiqatlar (2018–2019)”, Celaleddin Küçük “Qazıntıdan muzeyə: Zeugma mozaikalarının hekayəsi”, Mitra Setarehsobh “Səfəvi və Osmanlı dövrlərində azərbaycanlı xəttatların rolu və xəttatlıq sənətinin inkişafı”, Nadire Mine Yar “İstanbul Molla Zeyrək Məscidinin bərpası”, Necat Kövsəroğlu “Kərkükdə türk abidələri: tarixi və mədəni irsin izləri ilə”, Çimnaz Əliyeva və Məleykə Hüseynova “Ağdam Çörək Muzeyi: keçmişdən gələcəyə”, Nigar Muradova “İçərişəhərə məxsus elementlərin semiotik təhlili”, Rafael Gülməmmədli və Abdul Hüseynov “Bayırşəhər - mədəni irsimizin incilərindəndir”, Günay Rzayeva və Faiq Nəsibov “Hamamdan muzeyə: Azərbaycan və Türkiyədə tarixi hamamların yeni həyatı”, Aynur Ələkbərova “Açıq hava muzeylərinin mədəni turizmə təsiri”, Anar İbrahimov “Orta əsrlərdə Azərbaycan mədrəsələri: elm ocaqları və memarlıq irsimizin daşıyıcıları”, Filip Adrian Petcu və Magda Babău “İnstitusional təcriddən əməkdaşlığa əsaslanan yeniliyə doğru: Timișoara Milli İncəsənət Muzeyində bərpa təlimi üçün yeni bir paradiqma”, Ceyhun İsmayılov isə “Abşeronun tarixi abidəsi: Əli daşı piri və qəbiristanlığının qorunması zərurəti” adlı təqdimatlarla çıxış ediblər.

Türkiyəli mütəxəssislər Nadire Mine Yar və Celaleddin Küçük simpozium çərçivəsində bərpa və konservasiyada istifadə olunan alət və materiallara dair geniş təqdimat keçiriblər.

Simpoziumun yekun iclasında professor Qafar Cəbiyev çıxış edərək məruzəçilərə minnətdarlığını bildirib, simpoziumun qarşıya qoyduğu məqsədlərə nail olunduğunu vurğulayıb. O, simpozium materiallarının yaxın zamanda nəşr olunaraq elmi ictimaiyyətə təqdim ediləcəyini qeyd edib.

Simpoziumun Təşkilat Komitəsinin rəhbəri Fariz Xəlilli dövlət orqanlarına və ictimaiyyətə ünvanlanan “Bayırşəhər müraciəti”ni iştirakçılara təqdim edib. Bu müraciətdə mədəni irsin qorunmasına dair beynəlxalq hüquqi sənədlərin prinsiplərinə əsaslanaraq Bayırşəhərin autentikliyinin qorunması, elmi əsaslı tədqiqi və inventarlaşdırılması, planlı şəkildə bərpası və mühafizəsi, məhəllə və küçələrinin regenerasiyası və abadlaşdırılması, ictimai iştirakçılıq əsasında idarəetmə modelinin tətbiqi üçün təxirəsalınmaz tədbirlərin görülməsi çağırışı yer alıb. Simpozium iştirakçıları bu müraciəti yekdilliklə qəbul ediblər.

Bayırşəhər Müraciəti

30-31 iyul 2025-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu (Bakı), “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Bakı), İtaliyanın Beynəlxalq YOCOCU Assosiasiyası (Roma), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) və Şimali Makedoniyanın Qabaqcıl Tədqiqatlar Mərkəzinin (Skopye) birgə təşkilatçılığı ilə Bakı şəhərinin Bayırşəhər tarixi mərkəzində keçirilmiş və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyevin əziz xatirəsinə həsr olunmuş beynəlxalq simpoziumda iştirak edən alim və tədqiqatçılar tərəfindən qəbul edilmiş müraciətin mətnidir:

Biz, 30-31 iyul 2025-ci il tarixlərində Bakıda keçirilmiş “Tarixi Yerlər və Abidələr” V Beynəlxalq Bakı - Bayırşəhər Simpoziumunun iştirakçıları olaraq, Bayırşəhər adlanan tarixi ərazinin gələcək nəsillər üçün qorunması, öyrənilməsi və davamlı inkişafı istiqamətində aşağıdakı müraciətlə çıxış edirik.

Bayırşəhər - XIX əsrin sonu və XX əsrin əvvəllərində formalaşmış unikal memarlıq silueti, sosial və mədəni yaddaşı ilə seçilən şəhər fraqmentidir. Bu ərazi təkcə Bakı üçün deyil, həm də Azərbaycan və bütövlükdə Cənubi Qafqaz regionu üçün nadir tarixi-urbanistik dəyərə malikdir.


PREAMBULA

“Tarixi Yerlər və Abidələr” V Beynəlxalq Bakı - Bayırşəhər Simpoziumunun iştirakçıları tərəfindən qəbul edilən bu müraciət, Bayırşəhərin memarlıq, arxeoloji və şəhərsalma baxımından mühüm tarixi və mədəni dəyərlərə malik bir ərazi kimi qiymətləndirilməsinin və qorunmasının zəruriliyinə diqqət çəkir. Bu yanaşma, həm milli qanunvericilik, həm də beynəlxalq hüquqi və etik prinsiplərlə əsaslandırılmışdır.

Müraciətdə ifadə olunan ideyalar və istiqamətlər aşağıdakı beynəlxalq sənədlərin müddəalarına əsaslanır:

  • 1994-cü il Nara Bəyannaməsi mədəni irsin qorunmasında autentiklik prinsipini əsas götürür. Autentiklik yalnız maddi komponentləri deyil, həm də kontekst, forma, funksiya, dizayn, material, memarlıq üslubu və ictimai yaddaş kimi dəyərləri əhatə edir. Bu yanaşma, irsin müxtəlif mədəni və tarixi kontekstlərdə qiymətləndirilməsinin vacibliyini ön plana çəkir.
  • 1964-cü il Venesiya Xartiyası abidə anlayışını geniş şəkildə təqdim edir. Birinci maddəyə əsasən, tarixi abidə təkcə monumental tikililəri deyil, həm də zamanla mədəni dəyər qazanmış şəhər və kənd mühitlərindəki sadə memarlıq nümunələrini əhatə edir. Doqquzuncu maddədə isə bərpa işlərinin yalnız elmi əsaslarla, etibarlı sənədlərə və orijinal materiallara hörmət əsasında aparılmasının vacibliyi vurğulanır. Bərpadan əvvəl və sonra aparılacaq arxeoloji və tarixi tədqiqatların zəruriliyi qeyd edilir.
  • 1992-ci il Avropa Arxeoloji İrsin Qorunması Konvensiyası (Valletta Konvensiyası) arxeoloji irsin şəhərsalma və torpaq istifadəsində mərkəzi yer tutmasını tələb edir. İkinci maddəyə əsasən, arxeoloji irsin tədqiqi və qorunması milli planlaşdırma proseslərinin ayrılmaz hissəsi olmalıdır. Beşinci maddə bu sahələrdə həyata keçiriləcək layihələrə elmi ekspertiza və qiymətləndirmə prosedurlarının tətbiqini zəruri sayır. Altıncı maddədə isə üzv dövlətlərin ərazilərindəki arxeoloji irsi inventarlaşdırması və qeydiyyata alması tövsiyə edilir.

Simpozium iştirakçıları bu beynəlxalq norma və prinsiplərə uyğun olaraq Bayırşəhərin mədəni və arxeoloji irsinin elmi əsaslarla, kontekstual yanaşma və ictimai maraqları nəzərə almaqla qorunmasının vacibliyini vurğulayırlar.


Simpoziumda irəli sürülən əsas istiqamətlər və təklif olunan yanaşmalar

Simpozium iştirakçıları Bayırşəhərin qorunması və davamlı inkişafı ilə bağlı aşağıdakı əsas məsələləri önə çəkmişlər:

  • Bayırşəhərin bütöv şəkildə qorunmasının zəruriliyi. Bakı şəhərinin 2023-cü ildə təsdiqlənmiş Baş Planına əsasən, Bayırşəhər “Xüsusi Mühafizə Zonası” elan edilmişdir. Bu status burada yerləşən memarlıq obyektlərinin - dövlət qeydiyyatında olan abidələrin və tarixi silueti formalaşdıran yaşayış binalarının vahid sistemdə qorunmasını tələb edir.
  • Elmi tədqiqat və sənədləşdirmə fəaliyyətlərinin təşkili. Venesiya Xartiyası və Valletta Konvensiyasının prinsiplərinə uyğun olaraq, Bayırşəhərin hərtərəfli tədqiqi üçün memar, arxeoloq, tarixçi və şəhərsalma mütəxəssislərindən ibarət elmi-tədqiqat qrupunun yaradılması məqsədəuyğun sayılmışdır. Ərazinin inventarizasiyası və mühafizə tədbirləri elmi əsaslarla aparılmalıdır.
  • İdarəetmə strukturunun formalaşdırılması. Simpoziumda Bayırşəhərin gələcəkdə müstəqil idarəetmə modeli ilə təmin olunması vacibliyi qeyd olunmuşdur. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nümunəsində olduğu kimi, Bayırşəhər üçün ayrıca idarəetmə strukturunun yaradılması, qoruma və yenidənqurma fəaliyyətlərinin bu struktur çərçivəsində əlaqələndirilməsi təklif olunmuşdur.
  • Mədəni irs obyektlərinin yenidən qiymətləndirilməsi. 2015-ci ildə Nazirlər Kabinetinin 269 saylı qərarı ilə statusdan çıxarılmış tarixi binaların - mülklərin, evlərin, hamamların, digər abidələrin mədəni irs baxımından yenidən qiymətləndirilməsi və uyğun siyahılara qaytarılması vacib hesab edilmişdir.
  • Yeni tikililərlə bağlı memarlıq uyğunluğu. Gələcəkdə Bayırşəhər ərazisində inşa ediləcək binaların və parkların tarixi memarlıq silueti ilə ziddiyyət təşkil etməməsi üçün onların hündürlüyü və dizaynı mövcud mühitlə uyğunlaşdırılmalıdır. Xüsusilə tikililərin hündürlüyünün 12 metrdən çox olmaması və relyefə uyğun planlaşdırılması tövsiyə olunur.
  • Arxeoloji irsin qorunması. Zərgərpalan hamamında aparılan tədqiqatlar göstərmişdir ki, Bayırşəhərdə arxeoloji və konservasiya fəaliyyətləri sistemli və elmi nəzarət altında həyata keçirilməlidir. Mövcud və potensial arxeoloji sahələrin qorunması və şəhərsalma planlarında nəzərə alınması vacibdir.


Nəticə və çağırış

Bu müraciət mədəni irsin qorunması üzrə beynəlxalq hüquqi sənədlərin prinsiplərinə əsaslanaraq, dövlət orqanlarını və ictimaiyyəti Bayırşəhərin:

  • autentikliyinin qorunması,
  • elmi əsaslı tədqiqi və inventarlaşdırılması,
  • planlı şəkildə bərpası və mühafizəsi,
  • məhəllə və küçələrinin regenerasiyası və abadlaşdırılması,
  • ictimai iştirakçılıqla idarəetmə modelinin tətbiqi

ilə bağlı təxirəsalınmaz tədbirlər görməyə çağırır.

Simpozium iştirakçıları adından: “Tarixi Yerlər və Abidələr” V Beynəlxalq Bakı – Bayırşəhər Simpoziumunun Təşkilat Komitəsi

Seçilən
22
1
baki-xeber.com

2Mənbələr