Xəbər verdiyimiz kimi, Rusiyanın TASS informasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhəri “Stepanakert” kimi adlandırılıb.
Bakıvaxtı.az xatırladır ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bununla bağlı açıqlamasında TASS-dan bu məsələdə üzrxahlıq və müvafiq düzəliş tələb edib. Onun sözlərinə görə, əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur.
TASS-ın qərəzli mövqeyi ilə bağlı Bakıvaxtı.az-a danışan “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı qeyd edib ki, onlar qıcıq yaratmaq istəyirlər:
“Qarabağ məsələsi həll olunub. Azərbaycan ermənilərlə, rəsmi İrəvanla sülh müqaviləsi bağlamaq üzrədir. Zəngəzur dəhlizi bu gün-sabah açılmalıdır. Bütün bunlar baş tutanda Rusiyanın “əli” havada qalacaq. Cənubi Qafqaz “ağzından” çıxacaq. Ona görə də bu məsələləri yenidən qızışdırırlar”.
Onun sözlərinə görə, Amerika konqresmenləri də bildiriblər ki, ermənilər Qarabağa qayıtmalıdırlar. Müsahibimizə görə, bu, Amerika ilə Rusiya arasında bölgəyə yiyəlik etmək uğrunda mübarizənin təzahürüdür:
“Bilirik ki, son zamanlar Rusiya ilə Azərbaycan arasında “soyuq küləklər” əsir. Ona görə də məsələni qızışdırıb, bizi təhdid edirlər. Bu normal hal deyil. Amma biz bunu anlayıb, normal qarşılamalıyıq”.
Elçin Şıxlı: Rusiya məsələni qızışdırıb, bizi təhdid edir, bu, normal hal deyil
E.Şıxlı onu da əlavə edib ki, Azərbaycan öz mövqeyində möhkəm dayanıb. Rəsmi Bakı bu mövqeyini seçmək üçün zəmin yaradıb:
“Bu zəmin ondan ibarətdir ki, Türkiyə və İsraillə müttəfiqlik var. Ərəb ölkələri ilə əlaqələr güclənir. Türk dövlətləri ilə ayrı-ayrılıqda münasibətlər daha da dərinləşdirilir. Bütün bunlar onun göstəricisidir ki, Azərbaycan öz mövqeyini seçib və qoruyur. Lakin bu o demək deyil ki, biz öz siyasətimizdə çevik olmamalıyıq. Ölkəmizdə strateji məsələlər məlumdur, sadəcə olaraq taktiki məqamlarda xırda dəyişikliklər ola bilər. Yəni yarım addım geri durursan ki, sonradan iki addım irəliyə gedə biləsən”.
Aydın Baxış