ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof Rusiyaya səfər edəcək.
Operativ Media xəbər verir ki, bunu ABŞ lideri Ağ Evdə jurnalistlərin xarici səfərlərlə bağlı sualına cavab verərkən bildirib.
“O, əvvəlcə İsrailə gedəcək, sonra isə Rusiyaya”, – deyə o qeyd edib.
İyulun 14-də Tramp bəyan edib ki, əgər Ukraynada münaqişənin həlli prosesində irəliləyiş əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faiz həcmində ikinci dərəcəli gömrük rüsumları tətbiq olunacaq. Əvvəlcə Ağ Ev rəhbəri Rusiyaya hərbi əməliyyatları dayandırmaq üçün 50 günlük möhlət tanımışdı. Lakin iyulun 28-də bu müddət 10–12 günə endirilib.
İyulun 29-da ABŞ Prezidenti bildirib ki, Rusiyaya tanınmış 10 günlük ultimatiumun müddəti avqustun 8-də başa çatır. Tramp, həmçinin, onun təhdidlərinə cavab vermədiyinə görə Rusiya Prezidenti Vladimir Putindən məyus olduğunu bildirib.
ABŞ Prezidenti bəyan edib ki, bu müddət bitdikdən sonra Rusiyadan enerji daşıyıcıları alan ölkələrə qarşı ikinci dərəcəli gömrük rüsumları tətbiq ediləcək.