AZ

Rusiya NATO ilə münaqişəyə necə başlaya bilər və bu dünyaya nə vəd edir?

Rusiya ilə Qərb arasında yeni toqquşmanın harada və necə başlayacağını dəqiq proqnozlaşdırmaq çətindir. 

HİT.az xəbər verir ki, bu barədə Kaliforniya Universitetinin Qlobal münaqişələr və əməkdaşlıq üzrə doktorantı Spencer Uorren "Forbes" nəşrinə açıqlama verib.

Bəzi Avropa hərbi ekspertləri hesab edirlər ki, Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü qlobal münaqişəyə çevrilə bilər. Lakin Uorren qeyd edir:

"Mən düşünmürəm ki, bu müharibənin və ya başqa bir münaqişənin III Dünya müharibəsinə çevriləcəyini əvvəlcədən söyləmək olar".

O, xatırladıb ki, I Dünya müharibəsi adi sayılan bir siyasi zorakılıq aktından başlayaraq, qısa zamanda Avropanı, Afrikanın, Yaxın Şərqin və Sakit okean bölgəsinin geniş ərazilərini bürüyüb. Uorren bildirir ki, Rusiyanın Ukraynadakı hücumlarını genişləndirməsi bir sıra ssenarilərlə mümkün ola bilər:

* Rusiya, Ukraynaya silah tədarük edən Polşa kimi ölkələrin qərbdə yerləşən anbarlarını hədəfə ala bilər;
* ABŞ və ya Avropa lideri Ukraynada səfərdə olarkən raket zərbəsi nəticəsində ölə bilər (təsadüfən və ya qəsdən);
* Rus pilotları NATO təyyarəsinə səhvən atəş aça bilər və ya naviqasiya səhvi nəticəsində NATO ərazisini bombalaya bilər.

"Bütün bu hallarda müharibə sürətlə regional miqyaslı qarşıdurmaya – ABŞ və digər NATO üzvlərinin iştirakı ilə böyüyə bilər", deyə Uorren bildirib.

Əgər Rusiya ilə NATO arasında lokal toqquşma baş versə, onun necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətin olacaq. Uorren bunu inanılmaz dərəcədə təhlükəli risk adlandırır və NATO baş katibi Mark Ryuttenin Kreml bu onilliyin sonuna qədər NATO ölkələrindən birinə hücum edə bilər xəbərdarlığını dəstəklədiyini vurğulayır.

Uorren əlavə edir ki, hazırda Rusiya böyük miqdarda hərbi resurs istehsal edir. Bu tempin uzun müddət qorunub saxlanması Kremlin öz gücünü bərpa etməsinə və ya hətta genişləndirməsinə imkan verə bilər:

"Mən hesab edirəm ki, bu təhlükə o qədər ciddidir ki, Avropa ölkələri müdafiə sənayesini inkişaf etdirməli və hərbi xərcləri artırmalıdırlar".

Ekspert həmçinin qeyd edir ki, Putin ətrafındakı millətçi dairələr imperiya təfəkkürü ilə əvvəlki rus torpaqlarının bərpasından danışır və bu ritorika 1930-cu illərdə Hitlerin sürətli yüksəlişi ilə müqayisə oluna bilər.

Uorrenə görə, ən real ssenari Rusiyanın NATO müttəfiqi olan Baltikyanı ölkələrdən birinə qəfil və sürətli hücumu (blitskriq) ola bilər. Kreml bu şəkildə ABŞ və NATO-nun tam reaksiya verməsinə imkan vermədən, qısa müddətdə fakt qarşısında qoymağa çalışa bilər.

Bu ssenaridə ABŞ-ın müdaxilə edib-etməyəcəyi ilə bağlı Moskvadakı təəssürat əsas rol oynayacaq. Əgər Rusiya rəhbərliyi Vaşinqtonun hərbi müdaxiləyə hazır olduğunu düşünsə, hücum ehtimalı xeyli azalacaq.

"Forbes" xatırladır ki, NATO baş katibi Mark Rutte bu yaxınlarda çıxışında bildirib: "Putinin hərbi maşını sürətlənir, yavaşlamır".

Rutte vurğulayıb ki, Avropa vaxt itirmədən öz müdafiəsini gücləndirməlidir. Onun sözlərinə görə, Avropanın hava və raket əleyhinə müdafiəsi 400% artırılmalıdır. Əgər Aİ ölkələri ÜDM-in 5 faizini silahlanma yarışına yönəltsələr, NATO o qədər güclənə bilər ki, Moskva hücum etməyə heç vaxt cəsarət etməz.

Samir

Seçilən
0
hit.az

1Mənbələr